Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Husilər Səudiyyə Ərəbistanındakı “Aramco” obyektlərini vurduqlarını iddia ediblər
Husilər Səudiyyə Ərəbistanındakı “Aramco” obyektlərini vurduqlarını iddia ediblər

Yəməndə İranın dəstəklədiyi husilər (Ənsarullah hərəkatı) Səudiyyə Ərəbistanının Cazan və Yənbu şəhərlərində yerləşən dövlət neft şirkəti “Aramco”ya məxsus obyektlərə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiklərini bəyan ediblər.

Bizimyol.info xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, təşkilat Səudiyyə Ərəbistanında yerləşən “Aramco”nun strateji obyektlərinə qarşı iki hərbi əməliyyat həyata keçirib.

Onun sözlərinə görə, ilk hücum zamanı Cazandakı neft obyektləri çoxsaylı ballistik raketlər və PUA-larla hədəfə alınıb. Ardınca isə Yənbudakı “Aramco” obyektlərinə ballistik və qanadlı raketlərlə yanaşı, pilotsuz uçuş aparatlarından istifadə edilməklə zərbələr endirilib.

Yəhya Səri hücumların nəzərdə tutulan hədəflərə uğurla çatdığını iddia edib. O, həmçinin husilərin Səudiyyə Ərəbistanına qarşı elan etdikləri dəniz blokadasının davam etdiyini vurğulayaraq, yaxın saatlar və günlərdə hücumların intensivliyinin arta biləcəyini bildirib.

Səudiyyə Ərəbistanı tərəfi isə husilərin bu iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Husilər iyulun 20-də Səudiyyə Ərəbistanını Yəməndə nəzarət etdiyi ərazilərə blokada tətbiq etməkdə ittiham edərək, buna cavab olaraq "dəniz naviqasiyasına qadağa" elan etdiklərini açıqlamışdılar. İyulun 22-də isə Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə raket və PUA hücumu təşkil etdiklərini, nəticədə gəmilərdə yanğın baş verdiyini iddia etmişdilər.

Yəməndə hökumət qüvvələri ilə husilər arasında münaqişə davam etsə də, 2022-ci ilin aprelindən etibarən ölkədə nisbi atəşkəs və sabitlik müşahidə olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »