ABŞ Konqresinə sərnişin təyyarələrində telefon və videozənglərin tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib. Təşəbbüs keçmiş stüard və stüardessalar tərəfindən dəstəklənib. Onların fikrincə, yüksək səslə aparılan telefon danışıqları həm sərnişinlərin rahatlığını pozur, həm də uçuş təhlükəsizliyi baxımından əlavə risklər yarada bilər.
Bizimyol.info xəbər verir ki, "Sakit səma haqqında" (Quiet Skies) adlanan qanun layihəsinə əsasən, ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) sənəd qəbul edildikdən sonra 180 gün ərzində uçuş zamanı telefon zənglərini qadağan edən qaydaları təsdiqləməlidir.
Keçmiş aviaşirkət əməkdaşlarının sözlərinə görə, təyyarələrdə "Wi-Fi" xidmətinin geniş yayılması bu problemi daha da aktuallaşdırıb. Onlar hesab edirlər ki, səsli və videozənglər digər sərnişinləri narahat edə, ekipajın işinə mane ola və vacib elanların eşidilməsini çətinləşdirə bilər.
Hazırda ABŞ-da bu məsələ ilə bağlı vahid qayda mövcud deyil. "United Airlines", "American Airlines" və "Southwest Airlines" uçuş zamanı telefon zənglərini tam qadağan edir. Bunun əksinə olaraq, "British Airways" "Starlink" interneti ilə təchiz olunmuş təyyarələrdə zənglərə icazə verməyi planlaşdırır. "Virgin Atlantic" isə qısa səsli zənglərə icazə versə də, videozəngləri qadağan edir.
Qanun layihəsinin tərəfdarları hesab edirlər ki, federal səviyyədə vahid qadağanın tətbiqi sərnişinlərlə ekipaj arasında yarana biləcək mübahisələrin qarşısını alacaq. Bəzi ekspertlər isə alternativ variant kimi təyyarələrdə qatarlardakı "sakit vaqonlar" və danışıq zonalarına bənzər xüsusi telefon danışıq məkanlarının yaradılmasını təklif edirlər.
Qeyd edək ki, oxşar təşəbbüs ABŞ-da 2018-ci ildə də gündəmə gətirilmişdi.
Bizimyol.info






