İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdə yerləşən iki ABŞ hərbi bazasındakı obyektlərə zərbələr endirdiyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, İİKK-in bəyanatında bildirilir ki, pilotsuz uçuş aparatları vasitəsilə Əli əs-Səlim aviabazasında yerləşən iri hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və "MQ-9" pilotsuz uçuş aparatlarının saxlanıldığı anqar hədəfə alınıb.
Bəyanata əsasən, həmçinin Əl-Ədiri hərbi düşərgəsində ABŞ hərbçilərinin dislokasiya məntəqəsinə və iki helikopter anqarına da zərbələr endirilib.
İİKK iddia edir ki, hücumlar nəticəsində bir neçə ABŞ hərbçisi ölüb və yaralanıb, helikopterlərə və pilotsuz uçuş aparatlarına ciddi ziyan dəyib.
Bundan əlavə, İran tərəfi ABŞ-nin regiondakı telekommunikasiya qüllələrindən birinin də vurulduğunu açıqlayıb.
İİKK-in yaydığı xəbərlərdəki iddialar barədə ABŞ və ya Küveyt rəsmilərindən hələlik rəsmi təsdiq verilməyib. Buna görə də hücumların nəticələri ilə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Bizimyol.info






