Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ okean sularında atom elektrik stansiyalarının yerləşdirilməsi imkanını araşdırır
ABŞ okean sularında atom elektrik stansiyalarının yerləşdirilməsi imkanını araşdırır

ABŞ hakimiyyəti federal yurisdiksiya altında olan akvatoriyalarda atom energetikası obyektlərinin yerləşdirilməsi konsepsiyasını hazırlamağa başlayıb. Bu məqsədlə ABŞ-nin Nüvə Tənzimləmə Komissiyası ilə Daxili İşlər Nazirliyinin Okean Mineral Resurslarının İdarə Edilməsi Bürosu arasında əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Tərəflər gələcəkdə su hövzələrində yerləşdiriləcək atom elektrik stansiyalarının texniki cəhətdən mümkünlüyünü və təhlükəsizliyini qiymətləndirməyi planlaşdırırlar. Hazırda ABŞ-nin federal sularında bu cür kommersiya layihələri nə təsdiqlənib, nə də planlaşdırılma mərhələsindədir. Bununla belə, aidiyyəti qurumların nümayəndələri bildirirlər ki, hərbi dəniz qüvvələrində nüvə reaktor sistemlərinin uzun illər istismarı onların dəniz şəraitində etibarlılığını sübut edib.

Okean Mineral Resurslarının İdarə Edilməsi Bürosunun direktor səlahiyyətlərini icra edən Mett Cakonanın sözlərinə görə, bu texnologiyaların tətbiqi ABŞ-nin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Bununla yanaşı, ABŞ Nəqliyyat Nazirliyi ilə Lonq-Biç limanının rəhbərliyi arasında kiçik modul reaktorların (SMR) kommersiya gəmiçiliyi və liman infrastrukturunda sınaqdan keçirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb. Lonq-Biç limanının baş icraçı direktoru Noel Haseqabanın sözlərinə görə, ənənəvi yanacağın bahalaşması və enerji bazarındakı qeyri-müəyyənlik enerji mənbələrinin şaxələndirilməsini prioritetə çevirib.

Bu təşəbbüslərin həyata keçirilməsində özəl sektor da iştirak edir. Belə ki, "Bluecore Energy" şirkəti kompakt reaktorlar əsasında üzən atom elektrik stansiyalarının hazırlanması üzərində çalışır. Şirkətin təsisçisi Kofi Asante bildirib ki, təxminən 70 il təhlükəsiz şəkildə tətbiq olunan nüvə reaktoru texnologiyası xüsusi barjalarda yerləşdirilmək üçün uyğunlaşdırılıb.

Ekspertlərin fikrincə, bu addımlar ABŞ-də dəniz energetikası sistemlərində nüvə enerjisinin roluna dair müzakirələrin yeni mərhələyə keçdiyini göstərir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »