Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Vitkoff və Kuşnerlə danışıqlar aparıb: hansı məsələlər razılaşdırılıb?
Zelenski Vitkoff və Kuşnerlə danışıqlar aparıb: hansı məsələlər razılaşdırılıb?

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb. Tərəflər Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylərin gücləndirilməsi və sülh prosesinin sürətləndirilməsi məsələlərini müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Zelenski "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirib.

"Sülhə ehtiyac var – ləyaqətli sülhə. Ukrayna buna çoxdan hazırdır. Biz diplomatik səylərin daha da gücləndirilməsi və sülhün yaxınlaşdırılması yollarını müzakirə etdik", – deyə Ukrayna prezidenti söhbətin konstruktiv atmosferdə keçdiyini və əsas diqqət diplomatik fəaliyyətin intensivləşdirilməsinə yönəldiyini bildirib.

Onun sözlərinə görə, tərəflər bundan sonra da daimi əlaqə saxlayacaq və diplomatik koordinasiyanı davam etdirəcəklər.

Zelenski əlavə edib ki, telefon danışığında Ukrayna tərəfdən yüksəkvəzifəli rəsmilər, o cümlədən Prezident Ofisinin rəhbəri Kirilo Budanov və baş danışıqlar aparıcısı Rustem Umerov da iştirak ediblər.

Ukrayna lideri bildirib ki, Kiyevdə ABŞ-nin NATO yanında səfiri Metyu Uitakerlə keçirdiyi görüşdə isə əsas diqqət "Patriot" hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin Ukraynada lisenziya əsasında istehsalına yönəlib.

"Biz istehsal lisenziyalarını, raket təminatını və ölkəmizin müdafiəsi üçün zəruri olan digər məsələləri müzakirə etdik. ABŞ-dan bu istiqamətdə daha sürətli qərarlar və dəstəyin artırılmasını gözləyirik", – deyə Zelenski vurğulayıb.

Bundan əvvəl "Lockheed Martin" şirkəti Ukraynada "Patriot" raketlərinin istehsalı layihəsi ilə bağlı ABŞ hökuməti ilə məsləhətləşmələrin davam etdiyini açıqlamışdı. Şirkətin "Missiles and Fire Control" bölməsinin prezidenti Tim Kehillin sözlərinə görə, hazırda layihənin reallaşdırılması üçün müxtəlif variantlar nəzərdən keçirilir və şirkət Vaşinqtonun qəbul edəcəyi istənilən qərarı dəstəkləməyə hazırdır.

Eyni zamanda, Rumıniyanın Ukrayna üçün "PAC-3" raketlərinin istehsalına qoşulmayacağı bildirilir. Analitiklər hesab edirlər ki, bu qərar Ukraynanın müdafiə imkanlarına ciddi təsir göstərməyəcək, çünki istehsalın artıq bu sahədə geniş sənaye bazasına malik ölkələrdə həyata keçirilməsi daha məqsədəuyğundur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »