Futbol üzdə növbəti Dünya Çempionatı başa çatdı. İspaniya tarixində ikinci dəfə planetin ən güclüsü oldu. Bununla da ispanlar çempionluq sayına görə fransızlara və uruqvaylılara çatdı.
Bizimyol.info xəbər verir ki, ABŞ, Meksika və Kanadada keçirilən Dünya Çempionatında 4 debütant var idi. Asiyadan Özbəkistanla İordaniya, Şimali Amerikadan Kurasao, Afrikadan isə Kabo-Verde ilk dəfə bu mötəbər turnirin final mərhələsində oynayırdı. Xüsusilə afrikalıların çox yaxşı çıxış etdiyini bildirmək olar. Kabo-Verde 90 dəqiqəlik mübarizələrin heç birində uduzmadı. Yalnız Argentina rəqibini əlavə vaxtda üstələyə bildi.
Sözsüz, gələcəkdə də mundiallarda debütantlar görəcəyik. Bəs Azərbaycanın nə dərəcədə şansı var?
İlk dəfə mundialda 48 komanda mübarizə aparırdı. Bizim millinin göstərdiyi oyun, nəticələr belə deməyə əsas verir ki, bu say ilə heç bir şansımız yoxdur. Unutmayaq ki, İtaliya, Nigeriya, Kamerun, Ukrayna kimi komandalar kənarda qalmışdı. Biz Millətlər Liqasının ən aşağı divizionunda mübarizə aparırıq. Hətta Avropanın cırtdan ölkələrini də məğlub etməyə hazır deyilik. Hər halda həmin qarşılaşmalardan əvvəl xeyli həyəcanlanırıq. Biz bu şərtlərlə Dünya Çempionatının final mərhələsinə iddia edə bilmərik.
Bir şansımız var. Komandaların sayı 64-ə çatdırılsa. Bu məsələ ciddi müzakirə olunmağa başlayıb. FİFA prezidenti Canni İnfantino belə bir istəyinin olmasını gizlətmir. Federasiya rəhbərləri də arzusunu dilə gətirir. Məsələn, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəhbəri Alexandro Dominges 64 komandalı yarış istəyindən danışıb.
Komandaların sayı, həqiqətən də, artırıla bilər. Çünki 2030-cu ildə mundialların 100 illiyi qeyd olunacaq. Bu münasibətlə Argentina, Uruqvay və Paraqvaya qrup mərhələsinin bir oyununu öz meydanında keçirməyə şərait yaradılacaq. Bildiyiniz kimi, 1930-cu ildə Dünya Çempionatı Uruqvayda keçirilmişdi və meydan sahibi qalib adını qazanmışdı. FİFA bu tarixi hadisəni nəzərə alır. Əslində, növbəti mundialın əsl meydan sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq.
Komandaların sayı 64-ə çatdırılsa, yarışın final mərhələsinə vəsiqə qazana bilərikmi? Çox inandırıcı görünmür. Çünki FİFA bu dəfə Avropaya 16 vəsiqə vermişdi. Say artırılsa, avropalılar 21-22 təmsilçi yerinə iddia edə biləcək. Avropa Çempionatında 24 komanda mübarizə aparır. Biz heç qitə birinciliyinə yaxın düşməyi bacarmırıq. Mundiallarda iştirakçı sayının artması da bizə kömək etməyə bilər.
Aytən, Bizimyol.info






