Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hacı İsmayılov: “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi”
Hacı İsmayılov: “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi”

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, Xalq artisti 94 yaşında ötən gün müalicə aldığı İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.

Xatırladaq ki,1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə "Şöhrət" ordeninə layiq görülüb.

Qeyd edək ki, Tofiq Mirzəyev "Nəsimi", "Üzeyir ömrü", "O qızı tapın", "Onun bəlalı sevgisi", "Uşaqlığın son gecəsi", "İstintaq" kimi filmlərdə rol alıb.

Tofiq Mirzəyevlə bağlı xatirələrini bizimlə bölüşən xalq artisti Hacı İsmayılov Bizimyol.info xəbər portalına bildirib ki, üzü gülər, həyatsevər bir adam idi:

Tofiq Mirzəyevi o vaxt yaxşı ansamblı vardı, oradan tanıyırdım. Əvvəl oxuyurdu. Sonradan onun görkəmi, üzü fotogenik olduğuna görə Azərbaycan Kino Studiyasında bir çox filmlərə dəvət edilib və çəkilib. Əsasən yadıma düşən filmlər “Üzeyir ömrü”, “O qızı tapın”, “Uşaqlığın son gecəsi” və başqa filmlərdə yer alıb”.

Xalq artisti deyir: “Yaxşı aktyor idi. Çox mülayim, mədəni insan idi. İşinə məsuliyyətlə yanaşan, üzü gülər, həyatsevər bir adam idi. Çox təəssüf ki, mən onunla heç bir filmdə çəkilmədiyimə görə bir kino aktyor kimi onun haqqında söz deyə bilmirəm. Ancaq bilirəm ki, çəkildiyi filmlər uğurlu filmlər idi və onun oyunu da yaxşı idi. Sadəcə həyat elə gətirdi ki, heç bir filmdə görüşmək, bir yerdə çəkilmək qismət olmadı”.

Hacı İsmayılov əlavə edib: “Əlbəttə, hər bir insan yaşadığı dövrdə həyatda bir iz qoymalıdır. Tofiq Mirzəyev də özündən xoş xatirələr və filmlər qoyub getdi. Allah rəhmət eləsin”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »