Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna: Son 48 saatda Rusiyanın “kölgə donanması”na aid 13 gəmi vurulub
Ukrayna: Son 48 saatda Rusiyanın “kölgə donanması”na aid 13 gəmi vurulub

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri son 48 saat ərzində Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən 13 gəmini vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi məlumat verib.

Onun sözlərinə görə, iyulun 21–22-də keçirilən əməliyyat zamanı 10 yük gəmisi, iki yedək gəmisi və bir tankerə zərbələr endirilib. Bildirilib ki, əməliyyatın məqsədi bu gəmilərdən Rusiyanın Ukrayna sularındakı maraqları naminə istifadənin qarşısını almaq olub.

Komandan qeyd edib ki, Pilotsuz Sistemlər Qüvvələrinin “MoLoÇKa” əməliyyatı çərçivəsində iyulun 6-dan 22-dək ümumilikdə 196 Rusiya üzmə vasitəsi vurulub. Onlardan 126-sı Azov dənizində, 70-i isə Qara dənizdə olub.

Bununla yanaşı, Ukrayna qüvvələri müvəqqəti işğal altında olan ərazilərdə enerji infrastrukturunu hədəf alan “Krım açarı off” əməliyyatını da davam etdirir.

Məlumata görə, iyulun 21–22-də pilotsuz uçuş aparatları 13 enerji qovşağı və elektrik yarımstansiyasına zərbə endirib. Həmin obyektlərdən 11-i işğal altındakı Krımda, ikisi isə digər müvəqqəti işğal olunmuş ərazilərdə yerləşir.

Bildirilib ki, bu əməliyyat çərçivəsində iyulun 1-dən 22-dək vurulan enerji obyektlərinin ümumi sayı 117-yə çatıb.

Bundan əvvəl Ukrayna tərəfi dron zərbələri nəticəsində Kerç bərə keçidinin Rusiyanın Krımdakı hərbi logistikasını təmin etmək üçün istifadə etdiyi üzmə vasitələrinin böyük hissəsini itirdiyini açıqlamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »