Böyük Britaniyanın Baş naziri Endi Börnham məhkumların vaxtından əvvəl azad edilməsini nəzərdə tutan yeni proqramın qüvvəyə minməsindən əvvəl hökumət tərəfindən yenidən nəzərdən keçiriləcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, Bat şəhərində jurnalistlərə açıqlama verən Baş nazir deyib ki, məsələni yeni ədliyyə naziri ilə birlikdə ətraflı araşdıracaq.
"Bu siyasətin bütün aspektlərinə yenidən baxacağıq. Həbsxanalarda yer çatışmazlığı problemini heç kim inkar edə bilməz. Ölkə olaraq uzun illər penitensiar sistemə lazımi investisiyalar qoymadığımız üçün bu gün qəbuledilməz vəziyyət yaranıb", – deyə Börnham bildirib.
Onun sözlərinə görə, proqramın həyata keçirilməsindən əvvəl bütün risklər qiymətləndiriləcək.
"Bu siyasəti tamamilə dəyişəcəyimi deyə bilmərəm. Amma növbəti addımları atmazdan əvvəl onun hər bir detalını ədliyyə naziri ilə birlikdə nəzərdən keçirəcəyəm", – Baş nazir vurğulayıb.
Yeni Cəzaçəkmə Qanunu sentyabr ayında qüvvəyə minməlidir. Qanuna əsasən, minlərlə məhkum cəzalarının qalan hissəsini çəkmədən vaxtından əvvəl azad oluna bilər. Mövcud qaydalardan fərqli olaraq, yeni sistemdə ağır cinayətlər, məişət zorakılığı və terror cinayətlərinə görə məhkum olunmuş şəxslər üçün ayrıca istisnalar nəzərdə tutulmayıb.
Mövzu Temza Vadisi Polis İdarəsinin əməkdaşı Endryu Harperin ailəsinin narahatlığından sonra yenidən gündəmə gəlib. Polis əməkdaşı 2019-cu ildə kvadrosiklet oğurlamağa cəhd edən şəxsləri saxlamaq istəyərkən avtomobilin arxasına ilişərək sürüklənmiş və həlak olmuşdu.
Harperin qətlində əsas təqsirləndirilən şəxs Henri Lonq 16 il həbs cəzasına məhkum edilib və vaxtından əvvəl azad edilmə proqramına daxil edilməyəcək. Baş nazir bunu təsdiqləyərək bildirib ki, "əsas cinayətkar erkən azadlığa buraxılmayacaq". Bununla belə, cinayətdə iştirak edən digər iki nəfərin proqramdan yararlanmaq ehtimalı hökumət tərəfindən nəzərdən keçirilir.
Börnham həmçinin bildirib ki, iki nazirin vaxtından əvvəl azad edilmə proqramı ilə bağlı zarafat etməsi yolverilməz idi. Həmin nazirlər sonradan üzr istəyərək bunun ciddi məsələ olduğunu etiraf ediblər.
Bizimyol.info






