Avropa İttifaqı (Aİ) ölkələri iyulun 22-də Böyük Britaniyanın Ukraynaya 90 milyard avro həcmində kredit dəstəyi proqramında iştirakını təsdiqləyib.
"Report"un verdiyi məlumata görə, bu qərar Kiyevə 2026-2027-ci illərdə ən təcili müdafiə ehtiyaclarını ödəmək üçün Britaniya istehsalçılarından silah və digər hərbi məhsullar almağa imkan verəcək.
Məlumatda bildirilib ki, Böyük Britaniyanın iştirakı proqram çərçivəsində Ukrayna üçün əlçatan olan müdafiə məhsulları tədarükçülərinin dairəsini genişləndirəcək.
Əvvəllər maliyyələşdirmə Aİ ölkələrindən, Avropa İqtisadi Zonasının dövlətlərindən və digər təsdiqlənmiş üçüncü ölkələrdən olan istehsalçılardan satınalmalara şamil edilirdi.
Proqramın ümumi həcminin 60 milyard avrosu Ukraynanın müdafiə-sənaye kompleksinin inkişafına, investisiyalara və silahların alınmasına, daha 30 milyard avro isə Ukraynaya birbaşa büdcə və iqtisadi dəstəyin göstərilməsinə yönəldiləcək.
"Aİ-nin Ukrayna ilə həmrəyliyi İrlandiya sədrliyinin əsas prioritetlərindən biri olaraq qalır", - Aİ-yə sədrlik edən İrlandiyanın xarici işlər naziri Helen Makenti bildirib.
Aİ Şurasının məlumatına görə, proqramın icrasına başlanıldığı vaxtdan etibarən Ukraynaya artıq 8,1 milyard avro, o cümlədən büdcə dəstəyi üçün 3,2 milyard avro və müdafiə ehtiyacları üçün təxminən 4,9 milyard avro köçürülüb.






