Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropa yeni reallığı qəbul edir” – Deputat Berlin səfərinin əhəmiyyətini açıqladı
“Avropa yeni reallığı qəbul edir” – Deputat Berlin səfərinin əhəmiyyətini açıqladı

“Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında müasir çağırışlara, milli maraqlara uyğun reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir”.

Bu fikirləri Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, son illər dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqlar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Belə bir mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitliyə və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal nümunə kimi çıxış edir. Nəzərə alaq ki, Azərbaycanın qonşuluğunda münaqişələr davam edir. Lakin ölkəmizdə tam sabitlik hökm sürür. Təsadüfi deyil ki, iyulun 21-də Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də Prezident İlham Əliyevlə görüşü zamanı dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı sabitlik adası kimi xarakterizə etdi. Əlbəttə, Almaniya Prezidentinin bu fikrinin ciddi əsasları var.

Deputatın sözlərinə görə, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir.

Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Bunlara paralel olaraq ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.

“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə, yeni reallıqlar yaranıb. Artıq bölgəmizin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün praktiki addımlar atılır. Bu prosesdə həlledici rolu Azərbaycan oynayır. Ona görə də, Avropa İttifaqı və onun aparıcı üzvü Almaniya yeni reallıqları qəbul edərək ölkəmizlə əməkdaşlığa önəm verir. Düşünürəm ki, bu əməkdaşlığın uğurlu perspektivi var”,- deyə Samir Vəliyev əlavə edib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Berlinə səfəri beynəlxalq ictimaiyyət tərəfindən təkcə ikitərəfli təmaslar kimi deyil, Cənubi Qafqazın, Avropanın enerji təhlükəsizliyinin təmin olunması və nəqliyyat imkanlarının genişləndirilməsinə təsir edən vacib geostrateji hadisə kimi dəyərləndirilir. Liderlər tərəfindən “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”nin imzalanması da bunun göstəricisidir.

“Azərbaycan bir tərəfdən Avropanın enerji təchizatında və iqtisadi tərəfdaşlığın institusionallaşmasında vacib strateji mövqeyini möhkəmləndirir, digər tərəfdən müstəqil xarici siyasət kursu yürütməklə qlobal geostrateji müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə rəsmi Bakının orta güc mərkəzi olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində qərarların qəbul edilməsinə və qlobal sabitliyin təmin olunmasına təsir göstərən əsas amillərdən biri olduğunu bir daha təsdiqləyir”,-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »