Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran xalqının ayağa qalxacağı gözlənilirdi, amma əksi baş verdi"
"İran xalqının ayağa qalxacağı gözlənilirdi, amma əksi baş verdi"

ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasəti yenidən ölkə daxilində ciddi müzakirələrə səbəb olub.

Politico nəşri yazır ki, Ağ Ev rəhbəri siyasi risklərə baxmayaraq, Tehranla qarşıdurmanı davam etdirmək məcburiyyətində qala bilər. Bu yanaşmanın həm ABŞ-ın daxili siyasətinə, həm də Yaxın Şərqdəki təhlükəsizlik mühitinə təsiri diqqət mərkəzindədir.

  • Trampın İranla qarşıdurmanı davam etdirmək məcburiyyətində qalması ABŞ-ın daxili siyasi balansına və 2026-cı il Konqres seçkilərinin nəticələrinə necə təsir göstərə bilər?

Politoloq Taleh Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ kimi demokratik ənənələri güclü olan ölkədə istər daxili, istərsə də xarici siyasətdə hakimiyyətin atdığı addımlar gözlənilən nəticəni vaxtında vermədikdə bundan ilk növbədə müxalif qüvvələr yararlanır.

Onun sözlərinə görə, Yaxın Şərqdə aparılan müharibə ilə bağlı ABŞ Prezidenti Donald Trampın gözləntiləri özünü doğrultmadı və proses həm Vaşinqtonun, həm də İsrailin hesablamalarından fərqli istiqamətdə inkişaf etdi.

"Bilirsiniz ki, müharibə yeni başlayanda həm Donald Tramp, həm də İsrail rəhbərliyi onun bir ay ərzində başa çatacağını düşünürdü. Onların əsas arqumenti o idi ki, hərbi əməliyyatlar başlayandan qısa müddət sonra İran xalqı rejimə qarşı ayağa qalxacaq. Lakin bu baş vermədi. Əksinə, rejim daxilində müəyyən monolitlik formalaşdı və xalqın rejimə qarşı mümkün etirazları dayanmış oldu. Bütün bunlar Donald Trampın daxili siyasətdə müəyyən çətinliklərlə üzləşməsinə, müxalifətin isə qarşıdakı aralıq seçkilərində daha çox şans qazanmasına zəmin yaradırdı"-deyə o bildirib.

Politoloqun fikrincə, bəzi ekspertlər və siyasi dairələr atəşkəs cəhdlərini də məhz bu amillərlə əlaqələndirirdilər: "Onlar hesab edirdilər ki, neftin qiymətinin bahalaşması Amerika vətəndaşlarının Tramp administrasiyasından narazılığını artırır və buna görə də Ağ Ev müharibəni danışıqlar yolu ilə başa çatdırmağa çalışır. Mən bu yanaşmanı bölüşmürəm. Şübhəsiz ki, Konqresə keçiriləcək aralıq seçkilərində respublikaçıların uduzması və demokratların qələbəsi Tramp administrasiyası üçün ciddi siyasi zərbə ola bilər. ABŞ prezident üsul-idarəsinə malik dövlətdir. Hakimiyyətin qanunverici, icra və məhkəmə qolları müstəqil fəaliyyət göstərsə də, Konqres seçkilərinin nəticələri prezidentin siyasi imkanlarına birbaşa təsir göstərir".

T.Əliyevin sözlərinə görə, buna baxmayaraq, Tramp Yaxın Şərq siyasətini seçki risklərinə görə dəyişməyəcək:

"İranın bu müharibədə istədiyi nəticəni əldə etmək şansı yoxdur. Əgər Tramp müharibəni öz planına uyğun şəkildə yekunlaşdıra bilsə, bu, qarşıdakı aralıq seçkilərdə olmasa belə, növbəti prezident seçkilərində yenidən seçicilərin etimadını qazanması üçün ciddi üstünlük yaradacaq. Məhz buna görə də onun, seçkilər və ya sosial narazılıqlar səbəbindən Yaxın Şərqdə başladığı hərbi əməliyyatları yarımçıq dayandıracağı gözlənilmir".

Politoloq vurğulayıb ki, müharibənin yarımçıq saxlanılması Tramp üçün daha ağır siyasi nəticələr doğura bilər.

Əgər bu proses yarımçıq dayandırılarsa, başlanmış və uğursuz hesab edilən əməliyyatlara görə Trampın hətta ABŞ məhkəmələri qarşısında məsuliyyət daşıması ilə bağlı müzakirələr yarana bilər. Bu isə nə Trampın, nə də bütövlükdə Amerika dövlətinin maraqlarına uyğun ssenari deyil.

Politoloq düşünür ki, Tramp daxildəki siyasi vəziyyətdən və qarşıdakı aralıq seçkilərin yaratdığı risklərdən asılı olmayaraq, Yaxın Şərqdə başladığı prosesi başa çatdırmaq istiqamətində ardıcıl mövqe nümayiş etdirəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »