Ali Neft Məktəbinin məzunu Elmir Hacızadə ilə müsahibə
Müsahibimiz Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə məzunu Elmir Hacızadədir. O, xarici ölkələrin 10 universitetindən təklif aldığını bildirib.
Elmir Hacızadə Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
- Hansı ölkələrin universitetlərindən təklif almışdınız?
-Magistratura təhsilim üçün ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, İsveç və Estoniya kimi ölkələrin ümumilikdə 10 nüfuzlu universitetindən qəbul təklifi almışam. Bu təklifləri dəyərləndirdikdən sonra ABŞ-ın Carnegie Mellon Universitetini seçdim. Bu universitet kibertəhlükəsizlik sahəsində dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri hesab olunur.
- Eyni anda 10 universitetə qəbul təklifi almağa necə nail oldunuz?
-Əvvəla, əsas hədəfim dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunmaq idi. Bunun arxasında bir neçə illik sistemli hazırlıq dayanır. Universitetdə yüksək akademik nəticələr əldə etməyə çalışdım, kibertəhlükəsizlik sahəsində praktiki təcrübə qazandım, beynəlxalq sertifikatlar və layihələr üzərində işlədim, sosial fəaliyyətlərdə aktiv oldum və biliklərimi inkişaf etdirdim. Hər universitet üçün motivasiya məktubumu və müraciət sənədlərimi ayrıca hazırladım. Düşünürəm ki, universitetlər təkcə qiymətlərə deyil, namizədin ümumi inkişafına və gələcək potensialına da diqqət yetirirlər.
- Qəbul olduğunuz hansı ixtisaslardır?
- Bunlar ABŞ-da Karnegi Mellon Universiteti, Kolumbiya Universiteti və Çikaqo Universiteti; Böyük Britaniyada London İmperial Kolleci, Bristol Universiteti və Birmingem Universiteti; İsveçdə Stokholm Universiteti, həmçinin Belçikanın KU Leuven, Almaniyanın Münster Universiteti və Estoniyanın Tallin Texnologiya Universitetinin birgə həyata keçirdiyi magistr proqramıdır. Bu universitetlərdə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, süni intellekt, eləcə də, ictimai siyasət sahələri üzrə qəbu olundum.
- Bəs seçim etmisinizmi? Hansı universiteti seçdiniz?
- Bəli, seçimimi etmişəm. İnformasiya təhlükəsizliyi sahəsində dünyanın aparıcı universitetlərindən biri olan Karnegi Mellon Universitetində təhsil almağı seçmişəm.
- Gələcək karyeranızı hansı sahədə görürsünüz?
- Hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na müraciət etmişəm və əsas məqsədim proqramın iştirakçısı statusunu qazanaraq magistr təhsilimi Karnegi Mellon Universitetində almaqdır. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərməyi planlaşdırıram. Xüsusilə, informasiya təhlükəsizliyi siyasətinin inkişafı, kritik informasiya infrastrukturunun qorunması və süni intellekt texnologiyalarının təhlükəsiz tətbiqi istiqamətlərində ölkəmizə töhfə vermək istəyirəm. Hesab edirəm ki, xaricdə əldə edəcəyim bilik və beynəlxalq təcrübə Azərbaycanın rəqəmsal inkişafına və kibertəhlükəsizlik ekosisteminin daha da güclənməsinə fayda verə bilər.
Günel Həsənova, Bizimyol.info






