Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı ekspert: “Yerli əczaçılığın inkişafı dərman təhlükəsizliyini gücləndirər”
İqtisadçı ekspert: “Yerli əczaçılığın inkişafı dərman təhlükəsizliyini gücləndirər”

2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 912.7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Bizimyol.info xəbər portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 24.9% artıb.

Bu ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

  • Apteklərdə satışın artması qiymət artımı ilə, yoxsa tələbatın yüksəlməsi ilə bağlıdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, satış dövriyyəsinin artması satılan dərmanların sayının artması demək deyil : “2026- cı ilin ilk 6 ayı ərzində dərman və tibbi ləvazimat satışının 920 milyona qədər gəlib çatması ötən ilin eyni dövründən 25 % artması diqqətçəkən göstəricidir. Mən bunu insanların daha çox xəstələnməsi ilə əlaqələndirmirəm. Bu məsələni 1 səbəblə izah etmək düzgün olmaz. İlk növbədə düşünürəm ki, satış dövriyyəsinin artması satılan dərmanların sayının artması demək deyil. Burda həm qiymət amili, həm də fiziki satış həcmi birlikdə rol oynayır. Son illərdə dərman idxalından asılı olan əczaçılıq bazarında istehsal və valyuta riskləri dərmanların maya dəyərlərinə ciddi təsir göstərir. Nəticədə bir çox preparatların qiymətlərində artım müşahidə olunub. Biz bunu gizlədə də bilmərik. Çünki piştaxtalarda orta statistik Azərbaycan vətəndaşı öz gözü ilə görür”.

Asif İbrahimov deyib: “Satış dövriyyəsinin artması və satış dövriyyəsinin artmasının müəyyən hissəsi məhz qiymət dəyişiklikləri ilə izah oluna bilər. O biri tərəfdən düşünürəm ki, tələbatın artması da istisna deyil. Əhalinin yaşlanması, xroniki xəstəliklərin artması, profilaktik müayinələrin genişlənməsi və insanların da sağlamlığına daha çox diqqət yetirməsi dərman istehlakını yüksəldə bilər. Statistik məlumatlara baxdıqda, xərçəng xəstəlikləri ilə əlqədar ağrıkəsici preparatların daha çox istifadə olunması ilə bağlı göstəricilər əldə olunur”.

Asif İbrahimovun sözlərinə görə, satış qiyməti, inflyasiya təsiri və dərman qrupları üzrə statistik ayrıca təhlil olunmalıdır: “Belə düşünürəm ki, insanların bəli, xəstələnməsi ilə bağlı amillər ola bilər. Amma burada xüsusilə xarici faktorlarla bağlı məsələlər var. Qiymət artımları mövcuddur - həm istehlakçı qiymətlərində, həm də Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tətbiq olunan qiymətlərdəki dəyişikliklər həmin dərmanların yekun qiymətinə təsir göstərir. Özünün müalicə hallarının da artması bəzi preparatların reseptsiz alınması və bu kimi amillər satış həcmlərinə təsir göstərən amillərdir. Amma yalnız satış məbləğinə əsaslanaraq insanların daha çox dərman aldığı və ya daha çox xəstələndiyi nəticəsinə gəlmək iqtisadi baxımdan düzgün deyil. Bunun üçün satılan qablaşdırmaların sayı, satış qiyməti, inflyasiya təsiri və dərman qrupları üzrə göstəricilər ayrıca təhlil olunmalıdır. Bayaq dediyim kimi, bu, xərçəng xəstəliyi ilə bağlı məsələdir. Daha çox hansı istiqamətdə çoxalıb, bu təhlil olunmalıdır”.

Asif İbrahimov vurğulayıb ki, ölkədə dərman bazarı böyük ölçüdə idxaldan asılıdır: “Mən hesab edirəm ki, burada əsas məsələ başqa istiqamətdədir. Azərbaycanda dərman bazarı böyük ölçüdə idxaldan asılıdır. Bu isə qlobal bazarda baş verən istənilən qiymət dəyişikliklərinin birbaşa bizim bazara da təsir etməsinə səbəb olur. Əgər yerli əczaçılıq sənayesi daha güclü inkişaf etsə, həm qiymət riskləri azalardı, həm də ölkənin dərman təhlükəsizliyi güclənərdi. Bu statistikada Azərbaycan hökuməti üçün ciddi siqnaldır”.

Asif İbrahimov əlavə edib: “Təkcə satış dövriyyəsinin artmasına sevinmək olmaz. Əsas məsələ bu artımın nə qədərinin qiymət bahalaşmasından, nə qədərinin isə real istehlak artımından qaynaqlandığını müəyyənləşdirməkdir. Məhz bu sualın cavabı səhiyyə və iqtisadi siyasətin düzgün qurulması baxımından həlledici əhəmiyyət daşıyır. Bu məsələlər ciddi nəzarət altında götürülməli məsələlərdir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »