Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın TRIPP seçimi: Qərbə inteqrasiya, yoxsa regionda yeni qarşıdurma?
Ermənistanın TRIPP seçimi: Qərbə inteqrasiya, yoxsa regionda yeni qarşıdurma?

Ermənistanın ABŞ ilə "TRIPP" ("Tramp marşrutu") layihəsi üzrə ratifikasiya prosesinə başlaması regionda geosiyasi müzakirələri yenidən gündəmə gətirib. Layihənin İran sərhədinə yaxın Sünik bölgəsini əhatə etməsi Tehranın narahatlığını artırarkən, Ermənistan daxilində də fərqli siyasi mövqelərin ortaya çıxmasına səbəb olub. Eyni zamanda, bəzi ekspertlər layihənin Qazaxıstanın Orta Dəhliz strategiyası baxımından da mühüm geoiqtisadi imkanlar yaradacağını bildirirlər.

  • Ermənistanın "TRIPP" layihəsi və Zəngəzur istiqamətində atdığı addımlar regionda qüvvələr balansını, xüsusilə İran, Rusiya və Qazaxıstanın maraqlarını necə dəyişə bilər? Ermənistanın "TRIPP" layihəsini ratifikasiya etməyə tələsməsi hansı geosiyasi məqsədlərə xidmət edir? Bu layihə Ermənistanın xarici siyasət kursunda Qərbə inteqrasiyanın yeni mərhələsi kimi qiymətləndirilə bilərmi?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən ilin 8 avqustunda Ağ Evdə ABŞ və Ermənistan arasında TRIPP layihəsi ilə bağlı əldə olunan razılaşma regionda ciddi müzakirələrə səbəb olub.

Onun sözlərinə görə, xüsusilə İran və Rusiya layihəyə qarşı çıxıb, Ermənistan daxilindəki Rusiyapərəst qüvvələr də təşəbbüsə müqavimət göstərməyə çalışıblar. İran isə daha sərt mövqe nümayiş etdirərək layihəni özünün "qırmızı xətti" hesab etdiyini bəyan edib. Bütün bu etiraz və maneələrə baxmayaraq, TRIPP dəhlizi üzrə işlər davam etdirilib. Politoloqun sözlərinə görə, layihənin ilkin mərhələsi üçün ABŞ tərəfindən 140 milyon dollar vəsait ayrılıb. Həmçinin layihənin icrası məqsədilə birgə müəssisə yaradılıb və paylar ABŞ-ın üstünlüyü ilə 74/26 nisbətində bölüşdürülüb.

"Artıq TRIPP layihəsi ilə bağlı saziş imzalanıb və Ermənistan parlamenti tərəfindən ratifikasiya olunub. Bu dəhliz təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün geniş imkanlar açır. Tarixi adı ilə Zəngəzur dəhlizi adlandırdığımız bu marşrut Çini Avropa ilə birləşdirən qlobal Orta Dəhlizin ayrılmaz hissəsi kimi böyük əhəmiyyət daşıyır. Yolun üzərində yerləşən Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan bu nəqliyyat xəttindən ciddi fayda əldə edəcək, eyni zamanda Qərb bazarlarına inteqrasiya imkanlarını genişləndirəcəklər. Bu, xüsusilə inkişaf yolunu seçən və investisiyalar üçün cəlbedici hesab olunan Qazaxıstan və Özbəkistanın Çin bazarından asılılığını azaltmasına şərait yarada bilər. Layihə tam istifadəyə verildikdən sonra ildə təxminən 35 milyon ton yük daşınmasının mümkün olacağı gözlənilir. Ermənistan isə TRIPP vasitəsilə təkcə böyük həcmdə maliyyə gəlirləri əldə etməyəcək, həm də təhlükəsizlik baxımından əlavə təminatlar qazanacaq, Qərbə çıxışını genişləndirəcək və yeni bazarlara daxil olmaq imkanı əldə edəcək", – deyə politoloq bildirib.

Əli Orucov vurğulayıb ki, məhz bu səbəbdən İrəvan layihənin ratifikasiyasını və icrasını sürətləndirməyə çalışır.

"Çünki Zəngəzur istiqamətindən yalnız avtomobil və dəmir yolu deyil, elektrik, rabitə və digər kommunikasiya xətləri də keçəcək. Bütün bunlar Ermənistan üçün sadə tranzit layihəsi deyil, uzunmüddətli iqtisadi və geosiyasi əhəmiyyət daşıyan strateji infrastrukturdur. Buna görə də İrəvan bu dəhlizə ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm fürsət, hətta müəyyən mənada xilas yolu kimi yanaşır", – deyə politoloq fikrini tamamlayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »