Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son 16 ildə neft ixracı iki dəfədən çox azalıb: İllərlə yalnız geriləmə olub
Son 16 ildə neft ixracı iki dəfədən çox azalıb: İllərlə yalnız geriləmə olub

Ölkədə neftin perspektivi ilə bağlı məsələ aydındır. Hətta dövlət rəhbərliyi də qeyri-neft sektoruna güvənməyin tərəfdarıdır. Çünki ölkə iqtisadiyyatının gələcəyini bu təbii sərvətə bağlamaq olmur. Neft hasilatı, o cümlədən, ixrac qrafiki illərlə yalnız azalan xətt üzrə inkişaf edir.

Bizimyol.info xəbər verir ki, son 16 ildə neft ixracı iki dəfədən çox azalıb. Elə hasilatla bağlı da bunu demək mümkündür. Sadəcə, ixrac konkret gəlir deməkdir. 2010-cu ildən sonra yalnız geriləmə olub.

Azərbaycan tarixində ən böyük hasilat 2011-ci ildə qeydə alınıb. Həmin il 50,3 milyon ton neft hasil olunub. Onda məhsulun 39 milyon 28 min tonu ixrac edilib. Amma ən yüksək ixrac göstəricisi bundan bir il əvvəl rəsmiləşmişdi. 2010-cu ildə 44 milyon 507 min ton neft satılmışdı. Məhz o vaxtdan bəri ixracatda iki dəfədən çox azalma var.

İlin ilk yarısında xaricə 10 milyon 125 min 467 ton xam neft və xam neft məhsulları çıxarmışıq. Keçən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon ton az satmışıq. Bu il Yaxın Şərqdəki münaqişələrə görə qiymətlər yüksək olub. Bunun sayəsində maddi mənada böyük geriləmə yoxdur. Keçən ilin ilk 6 ayında 178 milyon dollar daha çox qazanmışdıq. Qiymətlər ürəkaçan olmasaydı, fərq milyard dollara çata bilərdi.

Bu gedişlə ilin sonuna qədər 20 milyon ton civarında neft icrac edəcəyik. Azalma 2,2 dəfəni keçir. Cəmi 5 il əvvəl 8 milyon ton çox məhsul satırdıq.

2025-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə ümumilikdə 27,7 milyon ton neft hasil edilmişdi. Bu il göstərici bir az da aşağı olacaq. Ümumiyyətlə, prosesin qarşısını almaq mümkün deyil. On altı ildir ixracatda yalnız azalma qeydə alınır. İqtisadiyyatın idarə edilməsində bu amilə xüsusi diqqət yetirmək lazımdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »