Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə anım mərasimi keçirilib.
Bizimyol.info xəbər verir ki, tədbiri Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Birol Akgün açıb.
Səfir: "Hörmətli qonaqlar, əziz vətəndaşlarımız,
Bu gün Fətullahçı Terror Təşkilatının (FETÖ) seçilmiş hökumətimizə, Qazi Məclisimizə və birbaşa xalqımızın iradəsinə qarşı həyata keçirməyə cəhd göstərdiyi xain çevriliş cəhdinin onuncu ildönümündə bir araya gəlmişik. Həmin qaranlıq gecədə vətən uğrunda canını sipər edərək şəhid olan 251 qəhrəmanımızı rəhmətlə yad edir, igid qazilərimizə dərin minnətdarlığımı bildirirəm.
2016-cı il iyulun 15-də dövlətimizin ən həssas qurumlarına sızmış xain bir təşkilatlanma konstitusiya quruluşunu dağıdaraq ölkəmizi xaosa sürükləməyə cəhd göstərmişdir. Özünü təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında gizlədən bu beynəlxalq cinayət şəbəkəsi yalnız Türkiyə üçün deyil, fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdididir. Son dövrlərdə təşkilat daxilindən gələn yeni açıqlamalar da bu qaranlıq və kult xarakterli strukturun əsl mahiyyətini bir daha açıq şəkildə ortaya qoymuşdur.
FETÖ yalnız təbliğat yolu ilə deyil, həm də gizli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır. Unutmamaq lazımdır ki, bu strukturun yeganə hədəfi Türkiyə deyil. Xüsusilə xaricdə gizli məqsədləri ilə özlərini dost kimi göstərərək cəmiyyətlərə sızmağa, nüfuz qazanmağa və çirkli niyyətlərinə xidmət edən fəaliyyətlərini davam etdirməyə çalışırlar. Buna qarşı hamımız daim ayıq-sayıq olmalıyıq.
15 İyul xain terror təşkilatının həyata keçirdiyi çevriliş cəhdini ilk andan ən sərt şəkildə pisləyən və ölkəmizin yanında dayanan Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycan xalqına və dövlətinə minnətdarlığımızı bildiririk. Həm həmin qaranlıq gecədə nümayiş etdirdikləri mövqeləri, həm də sonrakı dövrdə qurumlararası ən yüksək səviyyədə əməkdaşlıqla “Bir millət, iki dövlət” şüarını bir daha möhkəmləndirən bütün Azərbaycan qurumlarına təşəkkür edirik.
Hörmətli qonaqlar,
Xainlərin hesablaya bilmədiyi ən böyük güc Türk millətinin sarsılmaz iradəsidir. 15 İyul gecəsi cəmiyyətin bütün təbəqələri vahid məqsəd ətrafında — ölkəsinə, bayrağına və demokratiyasına sahib çıxmaq üçün bir yumruq kimi birləşmişdir. Milli iradənin təcəssümü olan Türkiyə Böyük Millət Məclisini bombalayan terrorçulara ən güclü və aydın cavab çılpaq əlləri ilə tankların qarşısını alan xalqımız tərəfindən verilmişdir. 15 İyul Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə demokratiyanın, milli iradənin və müstəqilliyinə bağlı bir xalqın şanlı qələbəsidir.
Türkiyə Respublikası beynəlxalq hüquqdan irəli gələn hüquqları əsasında, dövlət və xalq birliyi ilə bu məkrli terror təşkilatına qarşı apardığı uzunmüddətli mübarizəni həm ölkə daxilində, həm də xaricdə qətiyyətlə davam etdirəcəkdir. Xaricdəki nümayəndələri olaraq bizlər də bu təhlükəni bütün dünyaya çatdırmağa davam edəcəyik.
15 İyul qəhrəmanları canları bahasına sübut etdilər ki, Türk xalqı müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici heç bir təşəbbüsə əsla boyun əyməyəcəkdir.
Bu əlamətdar gündə demokratiya və müstəqillik uğrunda mübarizə aparan əziz xalqımızın hər bir nümayəndəsinə ən səmimi minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlam və uzun ömür arzulayıram.
Hamınızı hörmət və məhəbbətlə salamlayıram", - deyə çıxış edib.






