Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərinin gələcəyini yenidən qiymətləndirir və təşkilatdan tam çıxmaq ehtimalını nəzərdən keçirir. Dövlət başçısı Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətini tənqid edərək, 2023-cü ildə ölkənin öz suveren hüquqlarını həyata keçirdikdən sonra qəbul edilən qərarların siyasi xarakter daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma təşkilatın obyektivliyi və ədalət prinsipləri ilə bağlı ciddi suallar doğurur.
- Azərbaycanın Avropa Şurasından mümkün çıxışı ölkənin Avropa institutları ilə siyasi-hüquqi münasibətlərinə və regionda formalaşan yeni geosiyasi balanslara necə təsir göstərə bilər?
Milli Məclisin deputatı Samir Vəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyurlar. Bütün bunlar beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulduğu şəraitdə baş verir. Azərbaycana qarşı ədalətsiz mövqe tutan Avropa Şurası Parlament Assambleyası (AŞPA) da erməni lobbisinin və anti-Azərbaycan mərkəzlərinin əlində alət olduğu üçün Avropa dəyərlərini tapdalayır. Görünən odur ki, təşkilat ölkəmizə qarşı qərəzli mövqeyini hələ də davam etdirməkdə qərarlıdır.
Deputat xatırladıb ki, ötən ay AŞPA-nın sessiyasında qəbul olunmuş növbəti qərəzli qətnamə də təşkilatın ölkəmizə qarşı "ənənəvi" mövqeyinin göstəricisi olub. Demokratiya, insan haqları, söz azadlığı, "siyasi məhbus" və s. kimi məsələlər təşkilatın Azərbaycana qarşı "ənənəvi" təzyiq vasitəsidir. Avropa Şurasının fəaliyyətində insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi qaçqın və məcburi köçkün problemi ilə bağlı qurumdan ədalətli yanaşma görməyib. AŞPA Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir addım atmayıb. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçı ölkənin səs hüququ əlindən alına bilərdi. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst və islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
"AŞPA nəinki Ermənistanın işğalçı siyasətini tanımadı, əksinə, erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlarda qərəzli qətnamələr qəbul edib. Halbuki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir", – deyə Samir Vəliyev bildirib.
Deputatın fikrincə, AŞPA islamofob və türkofob təfəkkürlü nümayəndələrin düşərgəsidir. Bunu sübut edən faktlardan biri də 2024-cü ilin qış sessiyasında AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsidir. Bu təşəbbüsü Almaniyanı təmsil edən deputat Frank Şvabe irəli sürmüşdü. Frank Şvabe bu təşəbbüsü irəli sürərkən Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən çox "narahat" görünürdü. Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb.
Samir Vəliyev deyib ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətini tənqid edərək, 2023-cü ildə ölkənin öz suveren hüquqlarını həyata keçirdikdən sonra qəbul edilən qərarların siyasi xarakter daşıdığını vurğulayıb. Bu yanaşma təşkilatın obyektivliyi və ədalət prinsipləri ilə bağlı ciddi suallar doğurur. Dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərinin gələcəyini yenidən qiymətləndirir və təşkilatdan tam çıxmaq ehtimalını nəzərdən keçirir.
"Hazırda AŞPA Avropa dəyərlərinin daşıyıcısı olan platformadan daha çox müəyyən xarici dairələrin əlində alətə çevrilmiş islamofob və türkofob bir strukturdur. Beynəlxalq münasibətlər sistemində baş verən hadisələrə beynəlxalq hüquq normaları əsasında deyil, sifarişlər əsasında sənədlər qəbul edən AŞPA-nın Avropa məkanında nüfuzu aşağı səviyyədədir. Təşkilat müxtəlif ölkələrə münasibətdə obyektiv deyil, ikili standartlar və qərəz mövqeyindən çıxış edir. Belə olan halda, AŞPA heç bir halda Avropa cəmiyyətinin etimadını qazana bilməz. Bu mənada Azərbaycan ictimaiyyəti də təşkilatın ölkəmizlə bağlı qərəzli sənədlərini rədd edir. Digər tərəfdən, bu gün Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkəmizin mövqelərini daha da möhkəmləndirib. Əgər Azərbaycan AŞPA-nı tərk edərsə, bu, dövlətimizin deyil, həmin təşkilatın nüfuzuna zərbə olacaq. Çünki təşkilat bununla Cənubi Qafqazın liderini, Avropa İttifaqının strateji tərəfdaşını itirəcək", – deyə deputat vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






