Bizimyol.info xəbər verir ki, Errol Mask "The Guardian" nəşrinə müsahibəsində bildirib ki, Robinsonu şəxsən özü Rusiyaya aparıb. Onun sözlərinə görə, səfər zamanı onlar rusiyalı iş adamları ilə görüşlər keçiriblər və bütün xərclər İlon Mask və qardaşı Kimbal Maskın təsis etdiyi "Musk Foundation" tərəfindən ödənilib.
Tommi Robinson (əsl adı Stiven Yaksli-Lennon) ötən ay Moskvaya səfər edib. O, İngiltərənin Sauthempton şəhərində baş vermiş bıçaqlanma hadisəsindən sonra tərəfdarlarını Böyük Britaniyada anti-miqrasiya aksiyalarına qoşulmağa çağırıb. Robinson sosial şəbəkələrdə Moskvadakı oteldən Errol Maskla birlikdə görüntülərini də paylaşıb.
Məlumata görə, Robinsonun Rusiyaya səfəri Moskvanın Avropadakı ifrat sağçı qüvvələrlə əlaqələri gücləndirdiyinə dair iddiaların fonunda baş tutub. Britaniyaya qayıtdıqdan sonra polis onu saxlayaraq mobil telefonlarını müsadirə edib.
Errol Mask Robinsonu "yaxşı gənc" adlandıraraq onun emosional xarakterə malik olduğunu, lakin inkişaf etdiyini bildirib. O əlavə edib ki, Robinson Rusiya rəsmiləri ilə keçirilən görüşlərdə ölkənin demoqrafik problemləri və doğum səviyyəsinin artırılması ilə bağlı müzakirələrdə fəal iştirak edib.
Bristol Universitetinin professoru Stefan Levandovskinin fikrincə, Robinson və digər ifrat sağçı fiqurların Rusiyaya səfərləri Kremlin Qərbə qarşı həyata keçirdiyi hibrid təsir strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Moskva Qərb ölkələrində demokratik institutları zəiflətmək məqsədilə ifrat sağçı hərəkatlarla əlaqələri genişləndirməyə çalışır.
Qeyd edək ki, Tommi Robinson Böyük Britaniyada bir neçə cinayət işi üzrə məhkum edilib və xüsusilə məhkəmə qərarını pozduğuna görə həbs olunmasından sonra geniş ictimai diqqət qazanıb.
Bizimyol.info






