İranda İsrail, ABŞ və bir sıra Avropa ölkələrinin aparıcı siyasi və hərbi xadimlərinin yer aldığı iddia edilən "məhvetmə siyahısı" açıqlanıb.
Bizimyol.info xəbər verir ki, məlumata görə, İranın dövlət televiziya kanalı "Ofogh Tehran"ın İranın ali dini lideri ayətullah Əli Xameneinin ölümünə görə məsul hesab etdiyi şəxslərin siyahısını yayımlayıb.
Siyahıda İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri İsrael Kats, xarici işlər naziri Gideon Saar və İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Eyal Zamir də yer alıb.
Bundan başqa, İranın Ali Dini Qurumu ABŞ Prezidenti Donald Trampın, vitse-prezident Ceyms Devid Vensin və dövlət katibi Marko Rubionun öldürülməsini "dini borc" kimi qiymətləndirib.
Məlumata əsasən, bu siyahıların dərc olunması rəsmi matəm mərasimləri zamanı açıq hədələr və qisas çağırışları ilə müşayiət olunub.
Həmçinin Tehran bələdiyyəsinin nəzarətində olan "Hamshahri" qəzeti ilk səhifəsində Donald Tramp və Binyamin Netanyahunun narıncı həbsxana geyimində, nişangah fonunda əks olunduğu təsviri "qisas qaçılmazdır" məzmunlu başlıqla yayımlayıb.
Eyni zamanda, İran parlamentində ABŞ və İsrail liderlərinin öldürülməsinə görə pul mükafatı nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlanıldığı bildirilir.
Bu addım İranın ali rəhbərinin səlahiyyətlərini icra edən Müctəba Xameneinin "qisasın tezliklə alınacağı" barədə bəyanatından sonra atılıb.
Vaşinqton isə buna dərhal reaksiya verib. ABŞ Prezidenti Donald Tramp Amerika KİV-lərinə müsahibəsində adının İranın hədəf siyahılarında olduğunu bildiyini təsdiqləyib.
Tramp əlavə edib ki, əvvəllər qüvvədə olan atəşkəs rejimi artıq rəsmi şəkildə başa çatıb və bu barədə Tehran məlumatlandırılıb.
O, həmçinin mümkün sui-qəsd cəhdləri ilə bağlı hüquq-mühafizə və təhlükəsizlik qurumlarına dəqiq göstərişlər verdiyini, ABŞ Silahlı Qüvvələrinin isə istənilən təhlükəyə sərt cavab verməyə hazır olduğunu bildirib.
Məlumatda daha sonra qeyd olunur ki, İsrail kəşfiyyatının məlumatlarına əsasən, İranın yüksək vəzifəli şəxslərə qarşı konkret sui-qəsd planlarının olduğu iddia edilir.
Bizimyol.info






