İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Qüvvələri (İMQ) Livan ərazisində yaradılmış təhlükəsizlik zonasında "Hizbullah" tam tərksilah edilənədək fəaliyyətini davam etdirəcək.
Bizimyol.info xəbər verir ki, Kats ABŞ Prezidenti Donald Trampın İsrail qoşunlarının Livanın cənubundan çıxarılması ilə bağlı açıqlamasına cavab olaraq deyib ki, İsrail öz təhlükəsizliyi ilə bağlı qərarları müstəqil qəbul edir və Livanda qalmaq üçün heç bir ölkənin icazəsinə ehtiyac duymur.
“Biz Livana daxil olmaq üçün heç kimdən icazə istəməmişik və orada qalmaq üçün də heç kimin icazəsinə ehtiyacımız yoxdur”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, İsrailin əsas məqsədi ölkənin şimal bölgələrində yaşayan əhalinin təhlükəsizliyini təmin etməkdir. Kats “Hizbullah”ı İsrailə qarşı təhdid yaradan terror təşkilatı kimi qiymətləndirib və bildirib ki, qruplaşmanın hərbi imkanlarının böyük hissəsi məhv edilib.
Nazir qeyd edib ki, Livanda yaradılan təhlükəsizlik zonası Aralıq dənizi sahillərindən Bofor bölgəsinə və Hermon dağı istiqamətinə qədər uzanır. Onun iddiasına görə, bu ərazi silahlı infrastrukturdan təmizlənib və İsrailin şimal sərhədlərini qorumaq məqsədi daşıyır.
Kats bildirib ki, İsrail qüvvələri “Hizbullah” bütün Livan ərazisində tərksilah olunana və şimal bölgələri üçün təhlükə aradan qalxana qədər həmin zonada qalacaq.
Donald Tramp daha əvvəl Livanda döyüşlərin dayandırılmasına çağırmış və İsrailin bölgədən çıxması məsələsini Baş nazir Benyamin Netanyahu ilə müzakirə etdiyini açıqlamışdı.
Bizimyol.info






