Şirkətlərin nizamnamə kapitalında baş verən dəyişikliklər biznes mühitində ən çox müzakirə olunan maliyyə qərarlarından hesab olunur. Belə dəyişikliklər ilk baxışda müxtəlif ehtimallar yaratsa da, onların səbəblərini və şirkətin ümumi maliyyə vəziyyətini nəzərə almadan qəti nəticə çıxarmaq düzgün yanaşma sayılmır.
"Cityside İnşaat" MMC nizamnamə kapitalını kəskin azaldıb.
Məlumata görə, şirkət nizamnamə kapitalını 750 min manat azaldaraq 1 750 110 manatdan 1 000 110 manata endirib.
- Hansısa şirkətin nizamnamə kapitalının azaldılması o şirkətin iqtisadi gücünə və bazardakı yerinə necə təsir edir? Hansı hallarda nizamnamə kapitalı azaldılır?
İqtisadçı Eyyub Kərimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, hər hansı kommersiya subyektinin nizamnamə kapitalının dəyişməsi hələ onun bazar və ya iqtisadi fəaliyyətində problemlərin yaranması, yaxud borclanması anlamına gəlmir. Bəzi hallarda bu, sadəcə struktur dəyişiklikləri ilə bağlı olur və ya dövriyyədən müəyyən vəsaitin çıxarılması, yaxud həmin vəsaitə artıq ehtiyacın qalmaması ilə əlaqədar həyata keçirilir.
“Hər bir kommersiya subyektinin maliyyə vəziyyəti, gəlirləri və ya borcları daha çox onun dövriyyəsi və ümumi iqtisadi fəaliyyəti ilə müəyyən olunur. Bəzi hallarda nizamnamə kapitalının azalması şirkətin real balansında olan ümumi əmlakın həcmini əks etdirməyə də bilər.
Bu baxımdan, hər hansı bir şirkətin nizamnamə kapitalının azalması mütləq mənfi göstərici kimi qiymətləndirilməməlidir. Bu, şirkətin fəaliyyətini daha çevik şəkildə təşkil etməsi, yeni idarəetmə modelinə keçməsi və ya başqa fəaliyyət formatını seçməsi ilə də əlaqəli ola bilər”-deyə o bildirib.
O vurğulayıb ki, bununla yanaşı, nizamnamə kapitalındakı dəyişikliklər investorlar, tərəfdaşlar və bazar iştirakçıları tərəfindən həmişə diqqətlə izlənilir. Çünki bu cür qərarlar şirkətin gələcək inkişaf strategiyası, investisiya planları və maliyyə resurslarının idarə olunması barədə müəyyən siqnallar verə bilər. Buna görə də hər hansı nəticəyə gəlməzdən əvvəl nizamnamə kapitalındakı dəyişiklik şirkətin maliyyə hesabatları, fəaliyyət göstəriciləri və qəbul etdiyi strateji qərarlar fonunda kompleks şəkildə qiymətləndirilməlidir.
İradə Cəlil, Bizimyol.info






