Böyük Britaniyada hakim Leyboristlər Partiyasının yeni liderinin seçilməsi prosesi başlayıb. Partiyanın yeni sədri Baş nazir Kir Starmerin istefasından sonra ölkə hökumətinə rəhbərlik edəcək. Bu vəzifəyə namizəd olmaq istəyən şəxslər iyulun 16-dək müraciət edə bilərlər.
Namizədin irəli sürülməsi üçün o, İcmalar Palatasındakı Leyboristlər fraksiyasının üzvlərinin ən azı 20 faizinin, yəni hazırda 81 deputatın dəstəyini qazanmalıdır. Bundan əlavə, namizəd Leyboristlər Partiyası ilə əlaqəli ən azı üç təşkilatın, o cümlədən minimum iki həmkarlar ittifaqının dəstəyini almalıdır. Partiyanın lideri yalnız parlament üzvü ola bilər.
Seçkidə iştirak etmək niyyətini hələlik yalnız Böyük Mançesterin sabiq meri Endi Börnəm açıqlayıb. O, iyunun 18-də İcmalar Palatasına deputat seçilib. İndi o, namizədliyini rəsmən təsdiqləmək üçün Leyboristlər Partiyasının rəhbər orqanlarına müraciət etməlidir.
Əgər Leyboristlər Partiyasından başqa heç bir deputat namizədliyini irəli sürməzsə, Endi Börnəm iyulun 17-də partiyanın yeni lideri elan olunacaq. O, daha sonra iyulun 20-də Böyük Britaniya kralı III Çarlzla görüşdən sonra baş nazir vəzifəsini icra etməyə başlayacaq.
Britaniya KİV-lərinin əksəriyyəti hesab edir ki, deputatların böyük hissəsinin dəstəyini qazanan Börnəm daxili partiya seçkiləri keçirilmədən partiya lideri olacaq. Lakin başqa namizəd ortaya çıxarsa, avqustun 6-dan 27-dək partiya üzvləri və ona bağlı təşkilatların nümayəndələri arasında səsvermə keçiriləcək. Seçkinin yekun nəticələrinin avqustun 29-da açıqlanacağı gözlənilir.
Kir Starmer iyunun 22-də həm Leyboristlər Partiyasının sədri, həm də baş nazir vəzifəsindən istefa vermək niyyətində olduğunu açıqlayıb. Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra dərinləşib. Həmin seçkilərin nəticələrinə əsasən, Leyboristlər Partiyası ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirib. Bundan başqa, İngiltərənin müxtəlif qanunverici orqanlarında partiyanın təmsilçilərinin sayı əvvəlki dövrlə müqayisədə təxminən 1,4 min nəfər azalıb.
Bizimyol.info






