Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abdal-Gülablı sakinlərini narahat edən məsələ nədir?
Abdal-Gülablı sakinlərini narahat edən məsələ nədir?

Abdal-Gülablı sakinləri illərlə bir gün doğma kəndlərinə dönəcəkləri ümidi ilə yaşayıblar. Müharibənin bitməsi, torpaqların azad olunması onlarda yeni həyatın başlanacağına inam yaradıb. Hər kəsin dilində eyni arzu var – dağılan evlər yenidən tikilər, ocaqlar yenidən tüstülənər, kənd əvvəlki nəfəsini qaytarar.

Ancaq bu gün kənd sakinlərinin söhbəti nə tikintidən, nə də qayıdış hazırlığından gedir. Bizimyol.info xəbər portalına müraciət edən kənd sakinləri - bu icmanın nümayəndələri bildirib ki, onları narahat edən başqa məsələdir.

Sakinlər iddia edirlər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 29 yanvar 2026-cı il tarixli qərarı ilə kənd ərazisində daş karxanasının işlədilməsi üçün lisenziya verilib. Məhz bundan sonra Abdal-Gülablı əhalisi müxtəlif dövlət qurumlarına müraciətlər etməyə başlayıb.

Onlar növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə kollektiv məktub ünvanlayıblar. Müraciətin surətləri müxtəlif instansiyalara da göndərilib.

Sakinlərin əsas narahatlığı karxananın nəzərdə tutulduğu yerin kənd qəbiristanlığına yaxın olmasıdır. Onlar deyirlər ki, söhbət adi bir ərazidən getmir. Bu torpaq onların ata-babalarının uyuduğu, şəhidlərinin dəfn olunduğu, kəndin tarixini yaşadan müqəddəs məkandır. Buna görə də həmin ərazidə sənaye məqsədli fəaliyyətin aparılmasını qəbul etmədiklərini bildirirlər.

Bu məsələ ilə bağlı Prezident nümayəndəliyinin dəvəti əsasında Abdal-Gülablı kənd sakinləri Ağdamda qəbulda da iştirak ediblər. Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyində keçirilən görüşdə onların narahatlıqları dinlənilib.

Görüşdə xüsusi nümayəndəliyin əməkdaşı Çapay Əmirov, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndəsi Natiq Şirinzadə, layihə ilə maraqlanan türkiyəli iş adamı İbrahim İpək və aidiyyəti qurumların başqa təmsilçiləri də iştirak ediblər.

Sakinlər qəbul zamanı Məşədi Abbas qayasının kənd üçün daşıdığı tarixi və mənəvi əhəmiyyətdən danışıblar. Onların sözlərinə görə, görüşdə ərazidə mərmər yatağının olmadığı bildirilsə də, qayanın müəyyən dərinliyə qədər araşdırılmasının mümkünlüyü barədə səslənən fikirlər onları qane etməyib. Kənd əhaləsi hesab edir ki, bu məsələ tam aydınlaşana qədər Məşədi Abbas qayasında hər hansı hasilat işinin aparılması məqsədəuyğun deyil.

Abdal-Gülablı sakinləri bildirirlər ki, onların məqsədi hansısa investisiyaya mane olmaq yox, kəndin tarixini, yaddaşını və müqəddəs hesab etdikləri məkanı qorumaqdır. Onlar ümid edirlər ki, müraciətlərinə həssas yanaşılacaq və doğma yurda qayıdış sevinci yeni narahatlıqlarla kölgələnməyəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »