Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil
Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

Manatın 2015-ci ildə ardıcıl iki dəfə devalvasiyası ölkə iqtisadiyyatına ağır zərbə endirmişdi. Əhalinin sosial vəziyyətinin kəskin pisləşməsini də bu hadisəyə bağlamaq olar. Hesab olunur ki, kiçik və orta sahibkarlıq həmin dövrdən bəri özünə gəlmir. Bu mənada manatın növbəti devalvasiyası heç arzu olunmur.

Bizimyol.info xəbər verir ki, devalvasiya riskini araşdıran beynəlxalq şəbəkələr manatla bağlı belə ehtimal irəli sürmürlər. Dövlət Neft Fondunun, üstəlik, Mərkəzi Bankın valyuta ehtiyatları nikbinliyə əsas verir. Ölkədə iqtisadi artım qeydə alınmasa da, ekspertlər makroiqtisadi göstəriciləri əsas amillərdən biri kimi göstərir. Bundan başqa, enerji qiymətlərinin də təhlükəli həddə aşağı düşməməsi xüsusi vurğulanır.

İqtisadiyyat nazirinin keçmiş müşaviri Emil Məcidov sön müsahibəsində bundan danışıb. O, devalvasiya ehtimalının olmadığını deyib. Keçmiş müşavir də valyuta ehtiyatlarını qeyd edib. Emil Məcidovun fikrincə, bazar kiçik olduğu qədər də sabitdir. Böyük sarsıntılar, böhranlar görünmür.

Azərbaycanın milli valyutası üçün hansı proseslər təhlükəli hesab edilir? Neftin birdən-birə ucuzlaşması hələ devalvasiya ehtimalı anlamına gəlmir. Qiymətlər uzunmüddətli perspektivdə aşağı olmalıdır. Devalvasiya üçün ölkənin valyuta ehtiyatlarının əriməsi və tədiyyə balansında ciddi kəsirin yaranması kimi mühit tələb olunur.

Hələlik manatı belə təhlükə gözləmir. Əlbəttə, İranda döyüşlər yenidən alovlanıb. Amma müharibənin uzun müddət davam etməsi gözlənilmir. Çünki belə döyüşlər də manipulyasiya predmetinə çevrilib. Bazara təsir göstərmək üçün hər hansı hücum təşkil olunur və günlərin birində atəş qəfildən dayanır. Ayrı-ayrı qüvvələr belə qeyri-sabitlikdən qazanc götürür. Bir neçə gün əvvəl neft kəskin ucuzlaşmışdısa, indi yenə bahalaşma diqqət çəkir. Hamısı manipulyasiyanın göstəricisidir.

Bu o demək deyil ki, bizdə arxayınlıq yaranmalıdır. Manatın devalvasiya ehtimalı həmişə var. Çünkin neft sektorundan həddindən artıq asılıyıq. Alternativ enerji mənbələrinin dünya bazarında mövqeyinin güclənməsi Azərbaycan iqtisadiyyatının gələcəyini dumanlı edir. Sabit iqtisadi mühit olsa, bir sahədən asılı qalmasaq, kəskin devalvasiya ehtimalını da müzakirə etmərik.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »