Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçıdan qızıl bazarı ilə bağlı xəbərdarlıq: Emosional qərarlar risklidir
İqtisadçıdan qızıl bazarı ilə bağlı xəbərdarlıq: Emosional qərarlar risklidir

ABŞ-da özəl sektorda məşğulluğun gözləniləndən zəif artması beynəlxalq maliyyə bazarlarında diqqəti yenidən qızıl bazarına yönəldib. Məlumatların açıqlanmasından sonra investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın aylarda faiz dərəcələrini endirəcəyi ehtimalını daha yüksək qiymətləndirməyə başlayıblar. Nəticədə qızılın qiyməti yenidən yüksəliş nümayiş etdirərək 4057 dollar həddini keçib.

  • Lakin bazarın əsas sualı qızılın niyə bahalaşması deyil. Əsas məsələ bundan sonra qiymətlərin hansı istiqamətdə hərəkət edəcəyidir.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qızıl bazarı ən çox ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətinə həssas reaksiya verir.

Onun sözlərinə görə, faiz dərəcələri aşağı düşdükdə istiqrazların gəlirliliyi azalır, dolların mövqeyi zəifləyir və investorlar vəsaitlərini daha çox qızıl kimi təhlükəsiz aktivlərə yönəldirlər.

"Bu baxımdan əmək bazarında zəifləmə siqnalları qızıl üçün müsbət amil hesab olunsa da, təkcə bir göstərici bazarın gələcək istiqamətini müəyyən etmir. Hazırda əsas diqqət inflyasiya, əmək bazarı və iqtisadi artımla bağlı növbəti göstəricilərə yönəlib. Əgər bu məlumatlar ABŞ iqtisadiyyatında zəifləmənin davam etdiyini göstərərsə, FED-in faiz endiriminə başlaması ehtimalı artacaq. Belə bir ssenari qızılın qiymətinə əlavə dəstək verə və yeni yüksəliş mərhələsinin əsasını qoya bilər", – deyə iqtisadçı bildirib.

Əli Səlimovun fikrincə, əks ssenari də istisna deyil.

"Əgər inflyasiya gözləniləndən yüksək qalarsa və iqtisadi aktivlik güclü olaraq davam edərsə, FED faiz endirimini təxirə sala bilər. Bu halda dolların möhkəmlənməsi və istiqraz gəlirlərinin artması qızıl üzərində yenidən təzyiq yaradacaq. Başqa sözlə, bazar hazırda yalnız faiz endiriminin özünü deyil, onun vaxtını və miqyasını qiymətləndirir", – deyə o qeyd edib.

İqtisadçı vurğulayıb ki, maliyyə bazarlarında ən çox rast gəlinən səhvlərdən biri qısamüddətli qiymət dəyişikliklərini uzunmüddətli trend kimi qəbul etməkdir.

"Halbuki qızıl bazarında korreksiyalar normal proses hesab olunur və hər ucuzlaşma yüksəliş dövrünün başa çatdığı mənasına gəlmir. Əksinə, uzunmüddətli perspektivdə qızılın qiymətini müəyyən edən əsas amillər mərkəzi bankların siyasəti, inflyasiya gözləntiləri, dolların dinamikası və qlobal geosiyasi risklər olaraq qalır. Bu səbəbdən hazırkı mərhələdə emosional qərarlardan daha çox fundamental göstəricilərə diqqət yetirmək daha məqsədəuyğundur", – deyə o bildirib.

Əli Səlimov hesab edir ki, əgər ABŞ Federal Ehtiyat Sistemi yaxın aylarda faiz endiriminə başlasa, qızılın yenidən bahalaşması ehtimalı kifayət qədər yüksəkdir.

"Əksinə, faizlərin yüksək səviyyədə saxlanılması bazarda qısamüddətli korreksiyanın davam etməsinə səbəb ola bilər. Qızıl bazarı hazırda həlledici mərhələyə daxil olur. Qarşıdakı həftələrdə açıqlanacaq makroiqtisadi göstəricilər və FED-in qərarları təkcə qızılın deyil, ümumilikdə qlobal maliyyə bazarlarının istiqamətini müəyyən edəcək. Bu baxımdan investorların qərarlarını gündəlik qiymət dəyişikliklərinə deyil, bazarın fundamental siqnallarına əsaslandırması daha rasional yanaşma hesab oluna bilər", – deyə iqtisadçı fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »