Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişiklik təsdiqlənib.
Bizimyol.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişikliyi imzalayıb.
Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.
Buna görə də qanunvericiliyə "şəxsi jeton" anlayışı və istifadə qaydaları əlavə edilib.
Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə 9.4-cü maddə əlavə olunub.
Sənəddə gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
- Jeton əvvəllər də istifadə olunub. Hazırda tətbiq edilən “şəxsi jeton” əvvəlkilərdən hansı cəhətlərinə görə fərqlənir?
- Əsasən kimlərə veriləcək?
- Saytımızın şərh bölməsində vətəndaşların demək olar 99 %-i maaş artımı ilə bağlı suallar veriblər.
- Bəs, hərbi qulluqçuların maaş artımı gözlənilirmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirib ki, şəxsi jeton məsələsi əvvəllər də var idi: “Ordumuzun ilk formalaşdığı illərdə komandirlər jetonları bir qədər fərqli formada hazırlayırdılar. Həmin dövrdə döyüşə gedən hər bir əsgərin adı və soyadı 7.62 mm-lik patronun içinə yerləşdirilirdi. Bəzi hallarda əsgərin qan qrupu məlum olurdusa, o da göstərilirdi və həmin əsgər onu üzərində gəzdirirdi.
Bunun məqsədi döyüş zamanı əsgər yaralandıqda və ya yandıqda onun şəxsiyyətinin müəyyən edilməsini təmin etmək idi. İndi də hərbi qulluqçular xidməti vəzifələrini yerinə yetirərkən huşlarını itirə, qan qrupu ilə bağlı müəyyən problem yarana və ya şəxsiyyətlərinin müəyyənləşdirilməsi zərurəti meydana çıxa bilər. Məhz buna görə də şəxsi jetonla bağlı müddəa "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun müvafiq maddəsinə əlavə olunur. Bu tələb məcburi xarakter daşıyır.
Yəni hərbi qulluqçunun harada xidmət keçməsindən asılı olmayaraq, istər əsgər, istərsə də zabit olsun, onun mütləq şəxsi jetonu olmalıdır. Bu da bilavasitə komandirlərin təmin etməli olduğu məsələdir”.
Üzeyir Cəfərov deyib: “Əsgər hərbi xidmətə gəldiyi andan başlayaraq, hərbi hissə tərəfindən onun adı, soyadı, atasının adı, eləcə də qan qrupu ilə bağlı məlumatlar əsasında şəxsi jeton sifariş edilir. Daha sonra həmin jeton hərbi qulluqçuya təqdim olunur”.
Üzeyir Cəfərov vurğulayıb ki, əvvəllər jetonlar əllə yazılırdı: “Bu jeton yanmayan materialdan olacaq. Əvvəllər jetonlar əllə yazılır, müxtəlif üsullarla hazırlanırdı. İndi isə onlar tam mərkəzləşdirilmiş qaydada hazırlanacaq. Hərbi bilet necə hərbi qulluqçuya təqdim olunur, şəxsi jeton da eyni qaydada hərbi qulluqçulara veriləcək.
Jeton bütün hərbi qulluqçulara veriləcək və hər birinin üstündə mütləq olmalıdır. Şəxsi jeton hərbi qulluqçunun kimliyini təsdiq edən vacib atribut və sənəddir”.
Üzeyir Cəfərov deyib: “Mənim şəxsi təklifim ondan ibarətdir ki, bu işə hazırlıq yaxşı olar ki, hələ orta məktəb dövründən başlansın və hərbi qulluqçuların məlumatları əvvəlcədən toplansın. Çünki adı həmin addır, soyadı həmin soyaddır, qan qrupu da həmin qan qrupudur.
Düşünürəm ki, bu işi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirsə, daha məqsədəuyğun olar. Əgər şəxs hərbi xidmət keçəcəksə, bu proses əvvəlcədən təşkil edilə bilər. Bu işi mütləq hərbi hissənin öhdəsinə buraxmağa ehtiyac yoxdur. Bunu daha əvvəl başqa bir dövlət qurumu da həll edə bilər”.
Hərbi ekspert gənclərin hərbi çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi ilə bağlı deyib ki, çağırışaqədərki hazırlıq vacib mərhələlərindən biridir: “Bu, çox vacib məsələdir. Sənədin hazırlanmasında bir sıra boşluqlara yol verilib. Çünki çağırışaqədərki hazırlıq hərbi xidmətə hazırlığın ilk və vacib mərhələlərindən biridir. Uşaq orta məktəbə getməzdən əvvəl məktəbəqədər hazırlıq keçdiyi, sonra məktəbdə təhsil aldığı kimi, eyni qaydada hərbi çağırışaqədərki hazırlıq da təşkil olunmalı və həyata keçirilməlidir. Adından da göründüyü kimi, bu, çağırışdan əvvəl həyata keçirilən hazırlıq mərhələsidir.
Bu məsələlər düzgün təşkil olunmalı və icra edilməlidir. Bu fənni tədris edən müəllimlər düzgün seçilməli, onların hazırlıq səviyyəsinə xüsusi diqqət yetirilməlidir.
Mənim yanaşmam ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanları, konkret olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, eləcə də digər güc strukturlarının nümayəndələri bu işi birlikdə, ən yüksək səviyyədə həyata keçirməlidirlər”.
Üzeyir Cəfərov əlavə edib: “Vətəndaşların maaş artımı ilə bağlı suallar verməsinə gəldikdə, təəssüf ki, bu məsələ bu dəfə də öz həllini tapmadı. Baxmayaraq ki, bu məsələ həm aidiyyəti qurumlarda, həm də Azərbaycan Respublikasının Milli Məclisinin müvafiq komitəsində aktiv şəkildə müzakirə olunur. Silahlı Qüvvələrin yaranmasının 108 illiyi ərəfəsində hərbi qulluqçuların maaşlarının artırılması baş vermədi. Görünən odur ki, bu dəfə də məsələ müsbət nəticələnmədi”.
Günel Həsənova, Bizimyol.info






