Ukrayna Müdafiə Nazirliyi "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin təcili çatdırılması məqsədilə 40 ölkəyə müraciət edib. Kiyev müttəfiqlərdən mövcud ehtiyatlardan raket ayrılmasını, sonradan isə bunların əvvəlcədən bağlanmış müqavilələr çərçivəsində geri qaytarılmasını təklif edir. Bu addım Ukraynanın hava hücumlarına qarşı müdafiə imkanlarını gücləndirmək cəhdlərinin davam etdiyini göstərir.
- Ukraynanın bu müraciəti Qərb ölkələrinin hərbi dəstək siyasətinə təsir göstərə bilərmi?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemlərinə və bu sistemlər üçün raketlərə ciddi ehtiyacı olduğu hər kəsə məlumdur. Onun sözlərinə görə, hələ bir neçə ay əvvəl Ukrayna Prezidenti ABŞ Prezidentinə müraciət edərək ölkəsinin bu raketlərlə təminatının sürətləndirilməsini xahiş etmişdi. Lakin ABŞ həmin dövrdə İranla bağlı gərginliyi əsas gətirərək bu müraciətə operativ cavab verməmişdi.
Politoloqun fikrincə, son aylarda Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumları fonunda "Patriot" raketlərinə tələbat daha da artıb. Hazırda Ukrayna bu ehtiyacını əsasən NATO üzvü olan Avropa ölkələrinin dəstəyi hesabına qarşılamağa çalışır. Bununla yanaşı, ABŞ-dan tədarükün sürətləndirilməsi Kiyev üçün strateji əhəmiyyət daşıyır.
"Ukraynanın bu məsələni yenidən gündəmə gətirməsi, məncə, Ankarada keçiriləcək NATO Zirvə Toplantısına ünvanlanmış siyasi mesaj kimi qiymətləndirilə bilər. Kiyev sammit ərəfəsində bu çağırışı səsləndirməklə diqqəti hava hücumundan müdafiə məsələsinə yönəltmək və mövzunun zirvədə prioritet şəkildə müzakirə olunmasına nail olmaq istəyir. Onsuz da Ukrayna məsələsi NATO-nun gündəliyində duran əsas mövzulardan biridir", – deyə Oqtay Qasımov bildirib.
O qeyd edib ki, bu müraciət müəyyən nəticələr verə bilər. ABŞ birbaşa hərbi yardımın həcmini artırmasa belə, "Patriot" raketlərinin Avropa müttəfiqlərinə satılması və onların vasitəsilə Ukraynaya çatdırılması variantı gündəmə gələ bilər. Politoloqun sözlərinə görə, bu isə böyük ölçüdə NATO sammitində formalaşacaq siyasi mühitdən və ABŞ Prezidenti Donald Trampla Avropa müttəfiqləri arasında əldə olunacaq razılaşmalardan asılı olacaq.
Oqtay Qasımov hesab edir ki, əgər Vaşinqtonun mövqeyində ləngimə davam edərsə, Avropa ölkələrinin öz ehtiyatlarından Ukraynaya əlavə dəstək verməsi ehtimalı yüksəkdir. Çünki Avropa dövlətləri yaxşı anlayırlar ki, Ukraynanın müdafiəsi eyni zamanda Avropanın təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Onun müqaviməti faktiki olaraq Avropa təhlükəsizlik sisteminin qorunmasına xidmət edir.
"Kiyevin çağırışı cavabsız qalmayacaq və müəyyən addımlar atılacaq. Lakin hərbi yardımların gecikməsi Ukrayna üçün ciddi risklər yaradır. Beş ilə yaxındır davam edən müharibə göstərdi ki, ehtiyac duyulan silah və sursatın vaxtında çatdırılmaması Ukraynanın müdafiə imkanlarını zəiflədib və bəzi ərazilərin itirilməsinə səbəb olub", – deyə o vurğulayıb.
Politoloq bildirib ki, hazırda Ukrayna döyüş meydanında əvvəlki dövrlərlə müqayisədə daha fəal mövqe nümayiş etdirir. Bu baxımdan, ölkəyə hərbi dəstəyin davam etdirilməsi həm Ukraynanın, həm də Avropanın təhlükəsizlik maraqlarına uyğundur. Onun fikrincə, vaxtında göstərilən hərbi yardım müharibənin gedişinə təsir göstərə və tərəflərin danışıqlar masasına daha tez qayıtmasına şərait yarada bilər.
"Şübhəsiz ki, yardımların gecikməsi tərəflər arasında narazılıq və etimad problemləri yaradır. Bununla belə, Ukrayna mövcud geosiyasi reallıqları nəzərə alaraq müttəfiqlərinə qarşı sərt ritorikadan çəkinir. Kiyev daha çox beynəlxalq ictimaiyyətin və tərəfdaş ölkələrin diqqətini problemin aktuallığına yönəltməyə çalışır", – deyə Oqtay Qasımov əlavə edib.
Onun qənaətinə görə, bu məsələ Ankara NATO Zirvə Toplantısında geniş müzakirə olunacaq. Nəticədə Ukraynanın bütün gözləntiləri tam qarşılanmasa da, hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində müəyyən qərarların qəbul edilməsi ehtimalı kifayət qədər yüksəkdir.
İradə Cəlil, Bizimyol.info






