Polşa ABŞ-ın ölkədəki hərbi mövcudluğunun gələcəyi ilə bağlı aydın məlumata malik deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Yoanna Kluzik-Rostkovska "Euractiv" portalına açıqlamasında bildirib.
Xatırladaq ki, mayın 19-da ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell Polşada yerləşdirilən 4 min amerikalı hərbçinin rotasiyasının təxirə salındığını açıqlamışdı. Daha sonra ABŞ Prezidenti Donald Tramp Polşa Prezidenti Karol Navrotskinin yenidən seçilməsini əsas gətirərək ölkəyə əlavə 5 min ABŞ hərbçisinin göndəriləcəyini bəyan etmişdi.
Kluzik-Rostkovska bildirib ki, hazırkı vəziyyət bir çox suallar yaradır. Onun sözlərinə görə, əvvəllər Polşada təxminən 10 min ABŞ hərbçisi xidmət edirdi. Lakin 4 min nəfərlik rotasiyanın dayandırılmasından sonra faktiki sayın 6 minə düşdüyünü qeyd edən siyasətçi əlavə 5 min hərbçinin göndərilməsi ilə ümumi sayın 11 minə, yoxsa 15 minə çatdırılacağının məlum olmadığını vurğulayıb.
Polşalı siyasətçi hesab edir ki, Vaşinqtonun qərarları birbaşa Polşaya qarşı yönəlməyib. Onun fikrincə, Donald Tramp Avropadakı ABŞ hərbi iştirakını azaltmaq qərarına gələrsə, ilk mərhələdə bəzi hərbçilərin ABŞ-da saxlanılması daha asan variant kimi seçilib və rotasiyanın dayandırılması da bunun nəticəsi olub. O əlavə edib ki, bu qərar təsadüfən Polşaya da təsir göstərib.
Bununla yanaşı, Kluzik-Rostkovska yaranmış vəziyyətin Polşa ərazisində ABŞ-ın daimi hərbi bazasının yaradılması məsələsini yenidən gündəmə gətirmək üçün imkan yaratdığını bildirib.
Qeyd edək ki, Varşava daha əvvəl ABŞ-a ölkə ərazisində daimi hərbi baza yaradılması ilə bağlı rəsmi təklif təqdim edib.
Bizimyol.info






