Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı ABŞ-ın Müstəqillik Günü və ölkənin yaranmasının 250 illiyi münasibətilə təbrik edib. O, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün birgə işləməyə hazır olduğunu bəyan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Təbrik məktubunda Lukaşenko bildirib ki, Belarus və ABŞ xalqları arasında heç vaxt ziddiyyətlər olmayıb.
"Belarus Prezidenti olaraq mən Belarusla ABŞ-ın münasibətlərinin normallaşdırılması istiqamətində birgə çalışmağa hazıram. Həmçinin planetimizi övladlarımız və nəvələrimiz üçün daha təhlükəsiz məkana çevirmək istiqamətində göstərdiyiniz səyləri dəstəkləməyə hazıram", – deyə təbrik məktubunda qeyd olunub.
Lukaşenkonun sözlərinə görə, ABŞ-ın yaranmasının 250 illiyinin məhz ölkənin inkişafı naminə bütün imkanlarını səfərbər edən bir prezidentin hakimiyyəti dövrünə təsadüf etməsi təsadüfi deyil.
Belarus lideri bildirib ki, son iki əsr yarım ərzində Amerika xalqının əldə etdiyi nailiqlər heyranlıq doğurur. "Amerikalıların Ay səthinə enməsi, elm və tibb sahəsində bütün bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyan kəşflər, eləcə də böyük iqtisadi uğurlar onların məqsədyönlülüyünün, zəhmətsevərliyinin və əsl vətənpərvərliyinin parlaq nümunəsidir", – deyə Lukaşenko vurğulayıb.
Sonda Belarus Prezidenti Donald Trampa və ABŞ vətəndaşlarına sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.
Bizimyol.info






