İyulun 4-nə keçən gecə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən neft terminalında yanğın baş verib.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto və videogörüntülərə əsasən, zərbənin əsas hədəfi Baltik dənizində neft məhsullarının yüklənməsi üzrə Rusiyanın ən iri dəniz terminallarından biri olub.
Məlumata görə, liman ərazisinə bir neçə zərbə endirilib və nəticədə neft terminalında güclü yanğın başlayıb. Həmin gecə Rusiyanın digər bölgələrindən və işğal altında olan ərazilərdən də partlayışlar barədə xəbərlər yayılıb.
Bildirilir ki, Luqansk şəhərinin Kambrod rayonunda partlayışlar və ardınca ikinci dərəcəli detonasiya baş verib. Ehtimal olunur ki, partlayan obyekt sursat anbarı olub.
Çuvaşıya Respublikasında da hava həyəcanı elan edildiyi bildirilib. Yerli sakinlərin paylaşdığı videolarda "Flaminqo" raketlərinin uçuşu əks olunduğu iddia edilir.
Bundan əlavə, NASA-nın FIRMS peyk monitorinq sistemi işğal altında olan Krım ərazisində bir neçə nöqtədə istilik anomaliyaları, yəni yanğın ocaqları qeydə alıb. Belə ocaqların xüsusilə Canköy rayonu və Kerçdəki bərə terminalı yaxınlığında müşahidə edildiyi bildirilir.
Bundan əvvəl mətbuat Ukraynanın Rusiyanı sülhə məcbur etmək məqsədilə hərbi əməliyyatları intensivləşdirdiyini yazmışdı. Məlumata görə, Kiyev müvəqqəti işğal altında olan Krıma ciddi zərbələr endirməklə Kremli müharibənin dayandırılması barədə qərar qəbul etməyə məcbur qoymağa çalışır.
Həmçinin Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın "Lukoyl" şirkətinə məxsus ən böyük neft emalı zavodlarından biri olan NORSİ müəssisəsini də hədəfə aldığını bildirilir. Məlumata görə, bu zavod istehsal gücünə görə Rusiyada dördüncü, benzin istehsalına görə isə ikinci yerdə qərarlaşıb. İyulun 2-də müəssisənin Ukrayna dronlarının hücumuna məruz qaldığı qeyd edilir.
Bizimyol.info






