Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhd Sandığının sirri açılır? Yeni arxeoloji tapıntılar böyük maraq doğurub
Əhd Sandığının sirri açılır? Yeni arxeoloji tapıntılar böyük maraq doğurub

İsrailin qədim Şilo yaşayış məskənində aparılan arxeoloji qazıntılar Bibliyada təsvir olunan ən sirli dini əşyalardan biri - Əhd Sandığının tarixini yenidən gündəmə gətirib.

Bizimyol.info xəbər verir ki, alimlər, aşkar edilən tikili qalıqları və dini ayinlərlə bağlı artefaktların bu müqəddəs sandığın vaxtilə saxlanıldığı məkanın müəyyənləşdirilməsinə kömək edə biləcəyini hesab edirlər.

Müqəddəs Kitaba görə, Musa peyğəmbər On Əmri Əhd Sandığının içinə yerləşdirmiş və sandıq israillilərin Misirdən çıxışından sonra tikilən müqəddəs Çadırda qorunmuşdu. Lakin onun sonrakı taleyi hələ də tarix və arxeologiyanın ən böyük müəmmalarından biri sayılır. Çünki Əhd Sandığı Babil ordusunun eramızdan əvvəl 586-cı ildə Yerusəlimi işğal etməsindən əvvəl yazılı mənbələrdən müəmmalı şəkildə yoxa çıxır.

Şiloda fəaliyyət göstərən Müqəddəs Kitab Tədqiqatları Assosiasiyasının arxeoloqları son qazıntılar zamanı iri həcmli tikilinin divarlarını, ibadətlə əlaqəli çoxsaylı artefaktları və qədim istehkamların qalıqlarını üzə çıxarıblar. Qazıntıların rəhbəri, doktor Skott Striplinqin sözlərinə görə, ən mühüm nailiyyət tikilinin cənub divarının aşkar edilməsidir. Bu tapıntı alimlərə tikilinin tam ölçülərini bərpa etməyə və onun funksiyasını daha dəqiq müəyyənləşdirməyə imkan verir.

Tədqiqatçıların diqqətini xüsusilə qurban mərasimlərində istifadə edilən buynuzlar, keramika nar fiqurları və mureks ilbizinin qabıqları cəlb edib. Məhz bu qabıqlardan qədim dövrdə Bibliyada bəhs olunan kahin geyimlərinin hazırlanmasında istifadə edilən qiymətli mavi boya əldə olunurdu. Bundan əlavə, şəhərin şimal müdafiə sisteminə aid divarlar və darvaza kompleksinin qalıqları da aşkar edilib ki, bu da qədim Şilonun şəhərsalma xüsusiyyətləri barədə yeni məlumatlar təqdim edir.

Qazıntılar zamanı israillilərdən əvvəl bölgədə yaşamış Kənan mədəniyyətinə aid iri saxlama küpləri də tapılıb. Onların içərisində zeytun, buğda və mərciməyin kömürləşmiş qalıqları aşkar edilib. Alimlər bu nümunələr üzərində radiokarbon analizi apararaq yaşayış məskəninin dəqiq tarixini müəyyənləşdirməyi planlaşdırırlar.

Arxeoloqlar hesab edirlər ki, son tapıntılar Əhd Sandığının taleyi ilə bağlı bütün suallara cavab verməsə də, Bibliyada təsvir olunan hadisələrin tarixi əsaslarını araşdırmaq istiqamətində mühüm addım hesab oluna bilər. Yeni araşdırmaların nəticələri bu qədim sirrin açılmasına bir qədər də yaxınlaşmağa ümid yaradır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »