"X" platformasının sahibi Elon Maskın uzun müddətdir hazırladığı "X Money" rəqəmsal maliyyə xidməti rəsmi olaraq istifadəyə verilib. Xidmət əvvəlcə Premium+ abunəçilərinə təqdim olunsa da, artıq təsdiqlənmiş digər istifadəçilər də ondan yararlana bilirlər.
Bizimyol.info xəbər verir ki, "X Money" istifadəçilərə illik 6 faiz gəlir, fərdi metal Visa kartı, hesablar arasında ani pul köçürmələri (P2P), 3 faiz cashback və Premium+ istifadəçiləri üçün 10 milyon dollara qədər FDIC təminatlı depozit sığortası təklif edir. Platforma bank lisenziyasına malik olmadığından fəaliyyətini "Banking as a Service" (BaaS) modeli ilə həyata keçirir. İstifadəçilərin vəsaitləri "Cross River Bank" vasitəsilə qorunur, ödənişlər isə "Visa Direct" sistemi üzərindən real vaxt rejimində icra olunur.
Hazırda xidmət yalnız 18 yaşdan yuxarı təsdiqlənmiş istifadəçilər və "X Payments LLC"nin lisenziya aldığı ABŞ-ın 41 ştatında aktivdir. Nyu-York və Massaçusets ştatlarında isə xidmət hələ istifadəyə verilməyib.
"X Money"in işə salınması ABŞ-da yeni müzakirələrə də səbəb olub. Senator Elizabet Uorren platformanın vəd etdiyi 6 faizlik gəlirin davamlılığı, istifadəçi məlumatlarının qorunması və tərəfdaş bank "Cross River Bank" ilə bağlı risklər barədə narahatlığını ifadə edib. Nyu-York senatorları isə təhlükəsizlik boşluqlarını əsas gətirərək platformanın lisenziya müraciətinin rədd edilməsini istəyiblər.
Elon Mask "X Money"in Çinin "WeChat" modelinə bənzər universal maliyyə platformasına çevirməyi hədəfləyir. Lakin ekspertlər hesab edirlər ki, "PayPal", "Venmo", "Cash App" və "Apple Pay" kimi güclü rəqiblər, eləcə də istifadəçilərin sosial şəbəkədə maliyyə əməliyyatları aparmaqla bağlı etimad məsələsi "X Money"in qarşısındakı əsas sınaqlar olacaq.
Bizimyol.info






