Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın uzaqmənzilli zərbələri Rusiyada yanacaq böhranını dərinləşdirir
Ukraynanın uzaqmənzilli zərbələri Rusiyada yanacaq böhranını dərinləşdirir

Ukraynanın son həftələrdə Rusiyanın enerji infrastrukturuna endirdiyi uzaqmənzilli raket və pilotsuz uçuş aparatı (PUA) zərbələri ölkədə yanacaq böhranını daha da dərinləşdirib.

Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, müharibənin iqtisadi təsirləri artıq milyonlarla rusiyalının gündəlik həyatında hiss olunmağa başlayıb.

Məlumata görə, Rusiyanın 83 regionundan təxminən üçdə ikisində yanacaq təchizatında problemlər yaşanır. Xüsusilə işğal altında olan Krımda vəziyyət daha ağır qiymətləndirilir. Yerli hakimiyyət fövqəladə vəziyyət elan edib və yanacağın satışına məhdudiyyətlər tətbiq edib.

Nəşr qeyd edir ki, Moskva böhranın real miqyasını gizlətməyə çalışır. Belə ki, daxili yanacaq qiymətləri artıq ictimaiyyətə açıqlanmayan iqtisadi göstəricilər siyahısına daxil edilib. Buna baxmayaraq, sosial şəbəkələrdə yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələr, sürücülər arasında qarşıdurmalar və insidentləri əks etdirən görüntülər sürətlə yayılır.

Ekspertlərin fikrincə, Ukrayna əsasən Rusiyanın öz gücü ilə qısa müddətdə bərpa edə bilməyəcəyi neft emalı müəssisələrini hədəfə alır. Karnegi Beynəlxalq Sülh İnstitutunun analitiki Sergey Vakulenko bildirib ki, hazırda Rusiyada mövcud yanacaq ehtiyatının həcmi Ukraynanın hücumlarının intensivliyi ilə təmir briqadalarının iş sürəti arasında gedən mübarizədən asılıdır. Onun sözlərinə görə, hücumların eyni templə davam etməsi Kiyevə üstünlük qazandıra bilər.

Yanacaq qıtlığı inflyasiya riskini də artırır. Rusiya Mərkəzi Bankı qiymət artımının uzunmüddətli təsirlər yarada biləcəyi barədə xəbərdarlıq edib. Rusiyanın ən böyük bankı olan "Sberbank"ın rəhbəri German Qref isə ölkədə əsas gözləntinin müharibənin tezliklə başa çatması olduğunu bildirib.

Nəşr yazır ki, Rusiyanın hərbi və təhlükəsizlik xərcləri artıq dövlət büdcəsinin təxminən yarısını təşkil edir, Milli Rifah Fondunun likvid vəsaitləri isə 2022-ci ilin əvvəlində ÜDM-in 7 faizindən bu ilin aprelində cəmi 1,7 faizə enib.

Digər Qərb nəşrləri də Ukraynanın uzaqmənzilli zərbələrinin müharibənin gedişinə təsir etdiyini vurğulayır. "The Sun" bunun Kreml üçün strateji təzyiq yaratdığını, "The Atlantic" isə Moskva və ətrafına PUA hücumlarının Vladimir Putinin mövqeyini zəiflətməyə yönəlmiş çoxşaxəli strategiyanın tərkib hissəsi olduğunu yazır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »