Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Kiyevə kütləvi hücumu: ölənlərin sayı 10-a çatıb, yaşayış binaları dağılıb
Rusiyanın Kiyevə kütləvi hücumu: ölənlərin sayı 10-a çatıb, yaşayış binaları dağılıb

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində şəhərdə genişmiqyaslı dağıntılar baş verib. Son məlumata görə, hücum zamanı azı 10 nəfər həlak olub, onlarla insan yaralanıb. Xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirdiyindən ölənlərin sayının arta biləcəyi istisna edilmir.

Bizimyol.info xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Rusiya qüvvələri növbəti dəfə yaşayış məhəllələrini və mülki infrastrukturu hədəfə alıb. O bildirib ki, şəhərin müxtəlif hissələrində ümumilikdə 28 obyekt zərər görüb. Yaralananlar arasında uşaqların da olduğu qeyd edilir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücumun nəticələrinə dair görüntülər yayıb. Kadrlarda çoxmərtəbəli yaşayış binalarının dağıldığı, geniş ərazilərdə yanğınların baş verdiyi və çoxsaylı avtomobillərin yandığı əks olunub.

Ən ciddi dağıntılar Darnitski, Şevçenko və Peçersk rayonlarında qeydə alınıb. Darnitski rayonunda 5, 9 və 16 mərtəbəli yaşayış binalarına ciddi ziyan dəyib, fərdi evlər də dağılıb. Şevçenko rayonunda yaşayış binasının damında və hoteldə yanğın baş verib, başqa ünvanda isə beşmərtəbəli bina tamamilə dağılıb. Peçersk rayonunda doqquzmərtəbəli yaşayış binasında dağıntılar və yanğın qeydə alınıb. Obolon, Qolosiiv, Svyatoşın və Desnyan rayonlarında da yaşayış binaları və digər obyektlər zədələnib.

Bu, son günlər Ukrayna şəhərlərinə endirilən silsilə hücumların davamıdır. İyulun 1-də Rusiya ordusu Xarkovu idarəolunan aviasiya bombaları ilə vurmuş, nəticədə 2 nəfər ölmüş, 20-dən çox insan yaralanmışdı. Həmin gün Odessa vilayətinə ballistik raket hücumu zamanı isə iki nəfər həlak olmuş, azı 13 nəfər xəsarət almışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »