Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın 2025-ci il gəlirləri ABŞ prezidentləri üçün misilsiz hesab olunur
Trampın 2025-ci il gəlirləri ABŞ prezidentləri üçün misilsiz hesab olunur

ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə əldə etdiyi gəlirlər ölkə prezidentləri arasında indiyədək görünməmiş səviyyəyə çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-ın əvvəlki prezidentlərindən heç biri vəzifədə olduğu müddətdə Donald Trampın bu həftə açıqladığı maliyyə bəyannaməsində göstərilən həcmdə gəlir əldə etməyib.

Qəzet qeyd edir ki, son maliyyə bəyannaməsinə əsasən, Trampın ötən il əldə etdiyi gəlir 2,2 milyard ABŞ dollarını ötüb. Bu artım əsasən kriptovalyutalara və onlarla əlaqəli layihələrə yatırımlar hesabına baş verib.

Donald Trampın maliyyə bəyannaməsi iyunun 30-da ABŞ-ın Hökumət Etikası İdarəsi tərəfindən dərc olunub. Sənədə əsasən, prezident 2025-ci ildə təxminən 2,2 milyard dollar gəlir əldə edib. Bunun 1 milyard dollardan çoxu kriptovalyuta ilə bağlı əməliyyatlardan formalaşıb.

Tramp, xüsusilə, "World Liberty Financial" şirkətinin kriptovalyuta satışlarından təxminən 500 milyon dollar gəlir əldə edib. Şirkətdə rəhbər vəzifələri onun oğulları Erik Tramp və Donald Tramp kiçik tutur. Bundan əlavə, ABŞ prezidenti "$TRUMP" adlı rəqəmsal valyutanın satışından əldə olunan ödənişlər hesabına təxminən 600 milyon dollar qazanıb.

Tramp 2025-ci il üzrə maliyyə bəyannaməsində ümumi sərvətinin 2,4 milyard dollardan çox olduğunu göstərib. Lakin "The Washington Post" bildirir ki, maliyyə hesabatlarının tərtibi qaydaları nəzərə alınarsa, onun aktivlərinin real dəyəri bundan daha yüksəkdir. Forbes jurnalının qiymətləndirməsinə görə, 2026-cı ilin mart ayına Trampın ümumi aktivlərinin dəyəri təxminən 6,5 milyard dollara çatıb.

Qəzetin danışdığı ekspertlər hesab edirlər ki, prezidentin kriptovalyuta layihələrindən əldə etdiyi gəlirlər potensial maraqlar toqquşması ilə bağlı suallar yarada bilər. Onların fikrincə, buna səbəb Vaşinqton administrasiyasının rəqəmsal valyutaların tənzimlənməsi sahəsində fəal siyasət yürütməsidir.

Trampın əvvəlki maliyyə bəyannamələrinə əsasən, o, 2019-cu ildə ən azı 440 milyon dollar, 2024-cü ildə isə – ikinci prezidentlik müddətinə başlamazdan əvvəl – təxminən 600 milyon dollar gəlir əldə etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »