Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əyyub Əliyev: "300-500 avtomobili əlində qalan satıcılar var"
Əyyub Əliyev:  "300-500 avtomobili əlində qalan satıcılar var"

Sosial şəbəkələrdə maraqlı bir müzakirə diqqət çəkib. İstifadəçilərdən biri iddia edir ki, ötən il yaranan yüksək tələbatın təsiri ilə ölkəyə çox sayda hibrid avtomobil gətirilib və satış məntəqələrinin stokları doldurulub. Lakin hazırda həmin avtomobillərin əhəmiyyətli hissəsi satılmadan qalıb.

İddialara görə, elə satış məntəqələri var, anbarlarında 100-dən çox avtomobil olsa da, onları sata bilmirlər. Artıq 2026-cı il başa çatmaq üzrədir və yaxın zamanda 2027-ci il model avtomobillər satışa çıxarılacaq. Ancaq bəzi satıcılar hələ də 2025-ci il istehsalı olan avtomobilləri sata bilməyiblər.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Əyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda avtomobil bazarında belə bir vəziyyət həqiqətən də müşahidə olunur.

Onun sözlərinə görə, bu vəziyyət rəsmi dilerlərlə deyil, avtomobillərin rəsmiyyətdənkənar idxalı ilə məşğul olan şəxslərlə bağlıdır. Söhbət müxtəlif investorların maliyyəsi hesabına avtomobil gətirən satıcılardan gedir.

"2025-ci ilin ortalarında ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər qüvvədə idi. Həmin dövrdə ölkəyə gətirilən avtomobillər qısa müddətdə satılırdı. İnvestorlar cəmi 5-10 gün ərzində həm yatırdıqları vəsaiti, həm də qazancı geri qaytara bilirdilər. Lakin ilin sonuna doğru, dördüncü rübdə məlum oldu ki, 2026-cı ildən bu güzəştlər başa çatacaq. Bundan sonra həmin şəxslər daha çox avtomobili tezbazar gətirməyə başladılar. Avtomobillər müxtəlif şəxslərin adına rəsmiləşdirilərək satış üçün saxlanıldı", – deyə Əyyub Əliyev bildirib.

Onun sözlərinə görə, nəticədə bazarda təklif tələbi dəfələrlə üstələdi.

"Avtomobil bazarının öz həcmi var. 2025-ci ildə kifayət qədər avtomobil satılmışdı. Sonradan gətirilən əlavə avtomobillər bazara ciddi yük yaratdı. Yanvar, fevral və mart aylarında satışların zəiflədiyini görən investorlar təşvişə düşdülər. Onlar avtomobilləri gətirən şəxslərdən nəqliyyat vasitələrini tez satmağı tələb etdilər. Bunun nəticəsində bazarda qiymətlər enməyə başladı", – o deyib.

Əyyub Əliyevin sözlərinə görə, alıcılar da qiymətlərin daha da aşağı düşəcəyini düşündükləri üçün gözləmə mövqeyi seçiblər.

"İnsanlar hesab etdilər ki, bu gün aldıqları avtomobili 2-3 ay sonra 2 min manat daha ucuz qiymətə ala bilərlər. Buna görə də avtomobillər satılmadı və satıcıların əlində qaldı. Hazırda stokunda yüzlərlə, hətta 300-500 avtomobil olan satıcılar var", – deyə o bildirib.

AADA sədri vurğulayıb ki, qiymətlərin enməsinə ikinci əl avtomobil bazarının yenidən canlanması da təsir göstərib.

"İnsanlar yenidən ikinci əl bazarına üz tutmağa başlayıblar. Digər tərəfdən, rəsmi dilerlərin zavodlarla apardıqları danışıqlar nəticəsində yeni avtomobillərin qiymətlərində də endirimlər olub. Alıcı düşünür ki, qeyri-rəsmi satıcıdan 30 min manata avtomobil almaqdansa, rəsmi dilerdən 30 min 500 və ya 31 min manata zəmanətli avtomobil almaq daha etibarlıdır. Bu səbəbdən də qeyri-rəsmi idxal olunan avtomobillər satılmadan qalır", – deyə o əlavə edib.

Əyyub Əliyevin fikrincə, bazarda qiymət enişi hələ bir müddət davam edəcək.

"Artıq ilin ikinci rübü başa çatır və üçüncü rüb başlayır. Avtomobillər stoklarda qaldıqca onların dəyəri də aşağı düşəcək. Qiymətlər endikcə investorlar daha çox təşvişə düşəcək və avtomobilləri daha ucuz qiymətə satmağa məcbur olacaqlar", – deyə AADA sədri vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »