İranın qərbində yerləşən Kirmanşah əyalətində baş verən silahlı hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üzvlərindən ikisi həlak olub, daha iki hərbçi isə güllə yarası alıb.
Bizimyol.info xəbər verir ki, məlumatı İranın "Mehr" xəbər agentliyi İİKK-nun mətbuat xidmətinə istinadən yayıb.
Hadisə bazar ertəsi axşam saatlarında əyalətin Paveh şəhərində qeydə alınıb. Rəsmi açıqlamaya görə, naməlum şəxslər tərəfindən həyata keçirilən hücum “terror aktı” kimi qiymətləndirilib.
İİKK-nun yaydığı ilkin məlumatda bildirilib ki, hücum zamanı iki döyüşçü hadisə yerində həyatını itirib, yaralanan iki hərbçi isə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə əlavə məlumat verilməyib.
Hücum edən şəxslərin kimliyi hələlik müəyyən edilməyib. İran təhlükəsizlik qüvvələri hadisə yerində əməliyyat-axtarış tədbirləri aparır və cinayətin bütün detallarının araşdırıldığını açıqlanıb.
Kirmanşah əyaləti İranın qərbində, İraq sərhədinə yaxın bölgədə yerləşir və zaman-zaman təhlükəsizlik insidentləri ilə gündəmə gəlir. Rəsmi qurumlar son hadisənin regionda sabitliyə yönəlmiş təhlükə kimi qiymətləndirildiyini bildirir.
Hazırda istintaq davam edir və hücumun motivləri, eləcə də mümkün təşkilatçılarla bağlı rəsmi məlumat açıqlanmayıb.
Bizimyol.info






