Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail “Hizbullah”ı tərksilah edilməyənə qədər Livandan çıxmayacağını bildirib
İsrail “Hizbullah”ı tərksilah edilməyənə qədər Livandan çıxmayacağını bildirib

İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından, şiə qruplaşması “Hizbullah”ın hərbi dəstələri tərksilah olunana qədər qoşunlarını çıxarmayacağını bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats iki ölkə arasında əldə edilən razılaşmanı şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, İsrail və Livan arasında əldə edilən çərçivə sazişi “tarixi hadisə və İsrailin təhlükəsizliyi baxımından mühüm siyasi nailiyyətdir”. Kats bildirib ki, razılaşmanın əsas prinsiplərindən biri İsrail ordusunun Livanın cənubundan geri çəkilməməsi və “Hizbullah”ın bütün Livan ərazisində tərksilah edilməsinə qədər mövcud mövqelərdə qalmasıdır.

“İsrail Livandan qoşunlarını çıxarmayıb və Livanın cənubunda, o cümlədən Bofor silsiləsi daxil olmaqla təhlükəsizlik zonasını saxlayır. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri (İMQ) İsrailin şimalındakı yaşayış məntəqələrinə və əsgərlərə qarşı hücumların qarşısını almaq üçün əməliyyat azadlığını qoruyur”, – deyə Kats videomüraciətində bildirib.

O, həmçinin baş nazir Benyamin Netanyahu ilə birlikdə ordunun uzun müddət Livanın cənubunda qalmağa hazırlaşması barədə göstəriş verdiklərini vurğulayıb. Onun sözlərinə görə, bu, İsrailin şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün vacibdir.

Müdafiə naziri əlavə edib ki, bu razılaşma İran üçün strateji zərbədir, çünki Tehran İsraili Livandan çıxmağa məcbur etməyə çalışırdı. Katsın sözlərinə görə, İran İsrailə qarşı hər hansı hücuma cəhd edərsə, sərt cavabla üzləşəcək.

26 iyunda ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda İsrail və Livanın səfirləri ilə birlikdə tərəflər arasında əldə olunan çərçivə razılaşmasını elan edib. Sənədə əsasən, İsrail qoşunları ilkin mərhələdə Litani çayının cənubu və şimalında iki bölgəni Livan ordusunun nəzarətinə təhvil verəcək.

Razılaşmaya görə, mərhələli şəkildə Livan ordusu ölkə ərazisində tam nəzarəti bərpa etməli, qeyri-dövlət silahlı qruplar tərksilah edilməli və onların hərbi infrastrukturu ləğv olunmalıdır. Bu proses gələcəkdə İsrail qoşunlarının tam çıxarılması üçün şərait yarada bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »