ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə bağlı məyus olub və “Ankoric razılaşmaları”ndan imtina edə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" nəşri G7 sammitində iştirak etmiş iki məmura istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, G7 görüşü zamanı Tramp Ukraynanın müharibədə “pis çıxış etmədiyini” etiraf edib. Hazırda isə ABŞ prezidenti Rusiyanın Ukraynanı məğlub edə biləcəyinə artıq o qədər də əmin deyil.
“Tramp Putinlə bağlı hər şeyə skeptik yanaşırdı və Rusiyaya təzyiqdən danışırdı, lakin digər liderlər onun bu istiqamətdə həqiqətən addım atacağına inanmırlar”, – deyə məmurlardan biri jurnalistlərə bildirib.
Nəşr xatırladır ki, sözügedən “Ankoric razılaşmaları” çərçivəsində ABŞ Rusiyanın Ukraynanın Donbas regionuna nəzarət etməsi tələbini mümkün sülh sazişi daxilində qəbul etməyə razı olmuşdu. Lakin Ukraynanın Rusiya ərazisinə zərbələrinin intensivləşməsi Trampın Moskva ilə bağlı qiymətləndirməsini dəyişib.
Eyni zamanda qeyd olunur ki, bəzi analitiklər Rusiyaya edilən zərbələrin sülh danışıqlarını sürətləndirəcəyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, bu addımlar Rusiyada Ukrayna ilə müharibəni davam etdirib qələbə qazanmaq düşüncəsini daha da gücləndirə bilər.
ABŞ Dövlət katibi Marko Rubio daha əvvəl bildirib ki, ötən ilin 15 avqustunda Alyaskada Tramp və Putin arasında keçirilən görüşdə Ukrayna ilə bağlı heç bir razılaşma əldə edilməyib.
Rubionun sözlərinə görə, həmin görüşdə yalnız bir təklif irəli sürülüb, lakin hər hansı sazişdən söhbət getməyib.
Bizimyol.info






