Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalileya sakinləri və ekspertlər Livanla razılaşmanın effektivliyinə şübhə ilə yanaşır
Qalileya sakinləri və ekspertlər Livanla razılaşmanın effektivliyinə şübhə ilə yanaşır

İsrail və Livan arasında əldə edilən çərçivə sazişi Qalileya bölgəsi sakinləri və bir sıra ekspertlər tərəfindən skeptik qarşılanıb. Bildirilir ki, bu sənəd son 20 ildə İsrailin şimal sərhədindəki vəziyyətin məsuliyyətini “Hizbullah” əvəzinə Livan dövlətinə yönəltməyə dair üçüncü cəhddir.

Bizimyol.info xəbər verir ki, “Walla” nəşrinin ABŞ müxbiri İdan Kvellerin bildirib ki, bu dəfəki sənədin əsas fərqi İsrailin qoşunlarını yalnız əvvəlcədən müəyyən edilmiş qrafikə görə deyil, qarşı tərəfin şərtləri yerinə yetirməsindən asılı olaraq çıxarmağa razı olmasıdır.

Lakin tarix göstərir ki, bu tip razılaşmaların icrası olduqca çətindir. 2006-cı ildə BMT-nin 1701 saylı qətnaməsindən sonra İsrail ordusu Livanın cənubundan çıxmış, lakin “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı öhdəliklər yerinə yetirilməmişdi. Nəticədə təşkilat bölgədə yenidən tam güclənmişdi. Oxşar vəziyyət 2024-cü ilin noyabrında atəşkəs razılaşması zamanı da yaşanmış, tərəflərin paralel geri çəkilməsi nəzərdə tutulsa da, “Hizbullah” mövqelərini saxlamışdı.

Yeni plan iki pilot bölgədə sınaq əməliyyatı kimi nəzərdə tutulur. Ekspertlərin fikrincə, sənədin imzalanması yalnız ilkin addımdır və Livanda mümkün daxili qarşıdurma riski, eləcə də “Hizbullah” tərəfdarlarının mövqeyi razılaşmanın icrasını çətinləşdirə bilər.

Bundan əlavə, sənədin bəzi müddəalarının ABŞ-ın İranla bağlı öhdəlikləri ilə ziddiyyət təşkil etdiyi iddia olunur. Bu isə Livanda gərginliyin idarə olunması mexanizminin Tehranı dolayı şəkildə legitim tərəf kimi gücləndirə biləcəyi narahatlığını artırır.

Qalileya sakinləri diplomatik addımları ümumilikdə müsbət qarşılasalar da, onların praktik nəticələrinə şübhə ilə yanaşırlar. Kfar-Vradim yerli şurasının rəhbəri Eyal Şmueli “Haaretz”ə verdiyi açıqlamada bildirib ki, keçmiş təcrübə Livan hökumətinin “Hizbullah”ı tərksilah etməkdə aciz olduğunu göstərib.

Metula şəhər şurasının rəhbəri David Azulay isə İsrail rəhbərliyini qoşunların çıxarılması prosesində maksimum ehtiyatlı olmağa çağırıb.

“Bildiririk ki, “Hizbullah” tərksilah olunmadan tam çıxarılma ola bilməz. Bu təşkilat silahsızlaşdırılmayana qədər heç bir razılaşma real təhlükəsizlik təmin etmir”, – deyə o vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »