6 fevral zəlzələlərində ağır dağıntılara məruz qalan və Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən aparılan təxminən iki illik bərpa işlərindən sonra yenidən ayağa qaldırılan tarixi Həbib-i Nəccar məscidi qapılarını yenidən ziyarətçilərin üzünə açıb. Məscidin 28 illik imam-xatibi Fethullah Uğraş ilə reallaşdırdığımız söhbətdə, bu müqəddəs məkanın sivilizasiyalar tarixindəki unikal yerindən, zəlzələdən sonrakı vəziyyətindən və Antakyanın çoxmədəniyyətli ruhundan danışdıq.
Həbib-i Nəccar məscidinin 28 illik imam-xatibi Fethullah Uğraş:"Məscidin 28 illik İmam-Xatibi Fethullah Uğraş: "Məscidin 28 illik İmam-Xatibi Fethullah Uğraş: "Həbib-i Nəccar, Qurani-Kərimdə – Yasin surəsində özündən bəhs edilən çox müstəsna bir şəxsiyyətdir. O, Antakyaya göndərilən elçilərə nəinki sadəcə iman gətirmiş, həm də öz xalqının doğru yolu tapması üçün onlara nəsihətlər vermişdir. Bu fədakarlığına görə elçilərlə birlikdə şəhid edilən Antakyanın "inanc şəhidi"dir. İslam inancına görə, Həzrəti İsanın göndərdiyi elçilər – Yəhya (Yuhanna), Yunus (Paulus) və üçüncü olaraq Şimon Petrus Antakyaya gəlirlər və bu hadisələr yaşanır. Elçilərin şəhid edilməsindən sonra şəhər xalqı böyük bir səs, bir çığırtı ilə cəzalandırılaraq yox edilir. Həbib-i Nəccar, Peyğəmbərimiz Həzrəti Məhəmməddən (s.ə.s) əvvəlki dövrdə yaşamış, özü peyğəmbər olmadığı halda bir məscidə adı verilən dünyadakı tək şəxsdir. Bu yönüylə də Həbib-i Nəccar məscidi unikaldır.
Miladi 638-ci ildə Antakya müsəlmanlar tərəfindən fəth edilərkən, Həbib-i Nəccarın və elçilərin qəbirlərinin bu məkanda olduğu kəşf edilir və fəthin simvolu olaraq bura bir məscid inşa olunur. 638-ci il tarixi İslamın Anadoluya ilk addım atdığı tarixdir. Dolayısıyla, Anadolu torpaqlarında tikilən ilk məscid məhz Həbib-i Nəccar Məscididir. Tarix boyu çox fərqli dövrlərdən keçib; 969-cu ildə şəhər Bizansın hakimiyyətinə keçəndə məscid kilsəyə çevrilib, 1084-cü ildə isə Qutalmışoğlu Süleyman Şah şəhəri geri alaraq buranı yenidən məscid edib. Səlib yürüşləri zamanı dəfələrlə dağıdılıb. Maraqlıdır ki, Səlib yürüşləri zamanı təkcə məscidlər deyel, pravoslav kilsələri də dağıdılıb və yerli xristianlar qətliama məruz qalıblar. Son olaraq 1268-ci ildə Məmlük Sultanı Sultan Baybars Antakyanı azad edib və o gündən bəri Antakya bir Türk-İslam şəhəri, bu məkan isə Həbib-i Nəccar məscidi olaraq qorunub saxlanılıb.
Həbib-i Nəccar Qurani-Kərimdə tərif olunduğu üçün müsəlmanların, Həzrəti İsanın elçilərinə iman gətirdiyi üçün xristianların hörmət bəslədiyi biridir. "Nəccar" marangoz (dülgər) deməkdir. Peşəsi dülgərlik olduğu üçün, Anadolunun fərqli yerlərində yaşayan və özlərini "Tahtacı" deyə ifadə edən Ələvi cəmiyyətinin də piri, müqəddəs qəbul etdiyi bir insandır. O, Antakyadakı fərqli dinlərin, məzhəblərin və mədəniyyətlərin ortaq məxrəcidir. İki elçinin – Yəhya və Yunusun, həmçinin Həbib-i Nəccar həzrətlərinin qəbirləri də məhz burada yerləşir".
Müəlllif qeydi: Qurani-Kərimdə Həbib-i Nəccarın adı birbaşa (isim olaraq) çəkilmir. Lakin İslam alimlərinin, təfsirçilərin (məsələn: İbn Kəsir, Təbəri, Qurtubi) yekdil rəyinə əsasən, Yasin surəsinin 20-27-ci ayələrində bəhs edilən və şəhərin kənarından qaçaraq gələn mömin şəxs məhz Həbib-i Nəccardır.
Yasin surəsində onun dilindən verilən nəsihətlər, elçilərə sahib çıxması və şəhid edildiyi an dediyi sözlər ayə-ayə bu şəkildə qeyd olunub:
Yasin Surəsi (20-27-ci ayələr)
20-ci ayə: Onun gəlişi və çağırışı - "Şəhərin kənarından bir kişi qaçaraq gəlib dedi: 'Ey qövmüm! Göndərilmiş elçilərin ardınca gedin!'"
21-ci ayə: Elçiləri müdafiə etməsi - "'Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərin ardınca gedin!'"
22-ci ayə: Öz inancını bəyan etməsi - "'Mənə nə olub ki, məni Yaradana ibadət etməyim? Axı siz də Onun hüzuruna qaytarılacaqsınız.'"
23-cü ayə: Bütləri rədd etməsi - "'Mən Ondan başqa məbudlarmı qəbul edim? Əgər Mərhəmətli Allah mənə bir zərər toxundurmaq istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.'"
24-cü ayə: Doğru yolu tapdığını vurğulaması - "'Bax, onda mən açıq-aydın azğınlıq içində olaram.'"
25-ci ayə: İmanını hər kəsə elan etməsi (Şəhid edilmədən əvvəlki son sözü) - "'Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşidin!'"
26-cı ayə: Şəhid edilməsi və Cənnətlə müjdələnməsi - "(O qövm onu şəhid etdikdən sonra ona:) 'Cənnətə daxil ol!'– deyildi. O isə dedi: 'Kaş qövmüm biləydi...'"
27-ci ayə: Son arzusu - "'...Rəbbimin məni bağışladığını və məni hörmətli kəslərdən etdiyini!'"
– 6 fevral zəlzələlərində məscid demək olar ki, tamamilə dağılmışdı. Bərpa prosesi necə keçdi və tarixi eksponatlarda, kitabələrdə itki oldumu?
"Tarixdə dəfələrlə zəlzələlərdən zərər görən məscidimiz, son olaraq 6 fevral fəlakətində tamamilə yıxıldı. Təxminən iki illik gərgin bir işin nəticəsində, Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən – yəni Həzrəti Mövlana Cəlaləddin Ruminin nəvələri tərəfindən – məscidimiz orijinalına sadiq qalaraq yenidən inşa edildi. Sevindirici haldır ki, əsərlərdə və kitabələrdə heç bir itki olmadı. Kitabələr tamamilə xilas edildi və öz qədim yerlərində qorundu. Yalnız daşların bəzilərində itki oldu ki, onların da yerinə bərpa qaydalarına uyğun yeni daşlar yerləşdirildi. Hazırkı bina 5 fevraldakı (zəlzələdən əvvəlki) məscidin fərqli, sadəcə daha yeni və parlaq olan fərqi ilə tamamilə eynisidir, birə-bir bənzəridir"-deyə Fethullah Uğraş qeyd edib.
– Hazırda məscidin ətrafındakı vəziyyət və cəmaətiniz nə yerdədir? Həyat tam bərpa olunubmu?
"Hazırda ətrafda tam yaşayan, ayaqda olan yeganə yer buradır. Çevrədəki tarixi evlər, iş yerləri hələ tam tikilməyib, tikilənlər də sahiblərinə təhvil verilməyib. Ona görə də hazırda bu ərazidə nə yaşayış evləri var, nə də aktiv dükanlar. Zəlzələdə çox sayda cəmaətimizi, yaxınlarımızı itirdik, vəfat edənlərimiz çox oldu... İndi məscidimizə gələn cəmaət isə öz doğma məhəllələrindən yox, başqa yerlərdən, uzaq məsafələrdən bura ibadət üçün gələn, bu ruhu yaşatmaq istəyən insanlardır"-deyə məscidin imam-xatibi Fethullah Uğraş vurğulayıb.
Orxan Musabəyli, Bizimyol.info






