ABŞ Prezidenti Donald Trampın Zelenskiyə daha cəsarətli addımlar atmağı tövsiyə etməsi Vaşinqtonun Ukrayna ilə bağlı yanaşmasında müəyyən dəyişikliklərin mümkünlüyünə işarə kimi qiymətləndirilir. Bu mesaj, Rusiyanı danışıqlar masasına gətirmək üçün hərbi və siyasi təzyiqin artırılmasının vacib hesab edildiyini göstərir. Eyni zamanda, belə bir yanaşma münaqişənin gərginliyini daha da artırmaq riskini də daşıyır.
- Bəs Trampın bu mövqeyi Rusiya-Ukrayna müharibəsində diplomatik həll imkanlarını gücləndirəcək, yoxsa tərəfləri daha sərt qarşıdurmaya sürükləyəcək?
Politoloq Şəhla Cəlilzadənin fikrincə, Rusiya-Ukrayna müharibəsi hibrid müharibə taktikalarının və dezinformasiyanın ən yüksək səviyyədə müşahidə olunduğu münaqişələrdən biridir. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın Zelenskiyə ünvanladığı iddia edilən “tövsiyə” ilə bağlı əvvəlcə “Deyəsən ABŞ tərəfsiz vasitəçi olmaqdan uzaqlaşır” desə də, sonradan mövqeyini yumşaldaraq bu fikrin bəzi şəxslərin təxəyyülünün məhsulu ola biləcəyini bildirib.
Politoloq qeyd edir ki, Ukrayna məsələsində Putin və Tramp arasında ötən ilin avqustunda Alyaskanın Ankoric şəhərində keçirilən görüşdə müəyyən ortaq yanaşma formalaşıb. Həmin görüşdə müzakirə olunan “sülh planı” əsasən Ukraynanın daha çox güzəştlərə getməsinə hesablanmışdı və Rusiya bu xətti danışıqların yeganə mümkün bazisi kimi görür. Hazırda isə Moskva Vaşinqtonun həmin mövqeyə nə dərəcədə sadiq qaldığından tam əmin deyil.
Şəhla Cəlilzadənin sözlərinə görə, E3 ölkələri başda olmaqla bir sıra Avropa dövlətləri fərqli mövqe sərgiləyir. Onlar Ukraynanın ciddi güzəştlərə getmədən Rusiyaya qarşı mübarizəni davam etdirməsini və tükəndirmə müharibəsi strategiyasını sürdürməsini dəstəkləyirlər. Bu məsələdə uzun müddətdir ABŞ və Avropa arasında fikir ayrılığı mövcud idi. Məhz bu səbəbdən ötən il keçirilən G7 sammitində Donald Tramp toplantını vaxtından əvvəl tərk etmiş, yekun kommunikə üzrə razılıq əldə olunmamışdı.
Politoloqun qənaətincə, bu il keçirilən G7 görüşündə isə ABŞ-ın mövqeyinin E3 ölkələrinə yaxınlaşması və Rusiyaya təzyiqlərin artırılmasını nəzərdə tutan ortaq bəyanatın qəbul edilməsi Trampın yanaşmasında dəyişiklik ehtimalını gücləndirir. Xüsusilə İran istiqamətində sabitliyin yaranması və bu ölkənin zəngin neft ehtiyatlarının yenidən dünya bazarlarına çıxarılması ABŞ-ın Ukraynaya dəstəyini artırmasına şərait yarada bilər.
Şəhla Cəlilzadə xatırladır ki, Bayden administrasiyası dövründə Ukraynaya ayrılan yardım paketlərinin həcmi 188 milyard dolları ötürdüyü halda, Tramp dövründə bu dəstək kəskin şəkildə azalıb və yaranan boşluğu əsasən Avropa ölkələri doldurmağa çalışıb.
Politoloqun fikrincə, Tramp müharibənin başa çatdırılmasında maraqlıdır. O, həm 29 aprel, həm də 14 iyunda Vladimir Putinlə keçirdiyi telefon danışıqlarında müharibənin dayandırılmasının vacibliyini vurğulayıb. Bununla belə, Trampın qərarlarının sabit olmadığını qeyd edən ekspert hesab edir ki, Vaşinqtonun Ukraynaya dəstəyinin artması Rusiyaya qarşı zərbələrin intensivləşməsi, Belarus istiqamətində risklərin yüksəlməsi və ümumilikdə müharibənin coğrafiyasının genişlənməsi ehtimalını artırır. Belə bir ssenaridə isə ən böyük təhlükə ilə üzləşəcək tərəf Avropa olacaq.
Bununla yanaşı, reallıq göstərir ki, nə Avropa dövlətləri, nə ABŞ, nə də NATO Ukrayna uğrunda birbaşa qlobal müharibəyə qoşulmaq niyyətində deyil. Məhz buna görə də hərbi təzyiqlərlə yanaşı, diplomatik həll yollarının axtarışı beynəlxalq gündəmin əsas istiqamətlərindən biri olaraq qalır.
İradə Cəlil, Bizimyol.info






