İsmayıllıda həmkəndlisi Rəvan Quliyevi döyərək ona ağır xəsarətlər yetirən 2009-cu il təvəllüdlü Zamiq Abdullayevin (ad-soyadlar şərti verilib-red.) məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan məktəbli 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesi zamanı məlum olub ki, mübahisə zərərçəkənin onun sevdiyi qızla eyni partada oturmamasını, yerini dəyişməsini tələb etməsindən sonra başlayıb.
Məktəbdən kənarda, Kürdmaşı inzibati ərazi dairəsi yaxınlığında baş verən mübahisə zamanı Zamiq özündən 7 yaş böyük Rəvanla dalaşıb və ona ağır xəsarətlər yetirib.
Zamiq ifadəsində müəllimdən yerini dəyişməsini xahiş etdiyini, lakin buna nail ola bilmədiyini bildirib. Rəvan isə həmin qızı sevdiyini və gələcəkdə evlənmək niyyətində olduğunu qeyd edib.
Qeyd edək ki, Zamiq Abdullayev barəsində məhkəmə hökmünə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
- Məktəbdə şagirdlər arasında bu cür emosional münasibətlərin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ilkin olaraq həmin şagirdlərin valideynləri təhsil müəssisəsinə dəvət olunmalıdır: “Bu cür hal və hadisələr təhsil müəssisələrində əvvəllər də, indi də zamanla yaşanıb. Belə mübahisələr olduğu zaman ilkin olaraq həmin şagirdlərin valideynləri təhsil müəssisəsinə dəvət olunmalıdır. Onlarla profilaktik söhbətlər aparılmalıdır. Eyni zamanda şagirdlərin davranış qaydalarının tənzimlənməsi ilə bağlı onlara xüsusi xəbərdarlıqlar olunmalıdır.
Təbii ki, əgər şagirdlər eyni sinifdə dərs alırlarsa və belə bir problem yaşanılırsa, mütləq çıxış yolu kimi həmin şagirdlərdən biri ya başqa sinfə keçirilməlidir, yaxud həmin təhsil müəssisəsindən valideynlərin də razılığı əsasında başqa təhsil müəssisənə köçürülməlidir ki, mübahisəli məsələ aradan qalxmış olsun. Əlbəttə ki, həmin profilaktik söhbətin nəticəsi olmadığı təqdirdə bu addımlar atılmalıdır”.
Elçin Əfəndi qeyd edib: “Yaxşı olar ki, belə situasiyalarda ümumiyyətlə, həm sinif rəhbərləri, eyni zamanda məktəb psixoloqları şagirdlərlə, həmçinin valideynlərlə təkcə təhsil müəssisəsində deyil, müəssisədən kənarda da ümumi söhbət aparsınlar.
Bu kimi etikadan kənar davranışların qarşısının alınması üçün şagirdlərə müəyyən xəbərdarlıqlar edilməlidir ki, məsələn, məktəbdən xaric edilə biləcəkləri və ya sinifdə saxlanıla biləcəkləri kimi hallar onların davranışlarına təsir göstərsin və çəkindirici rol oynasın. Bunda həm təhsil müəssisəsi, həm psixoloqlar, həm valideynlər düzgün kommunikasiya quraraq övladlarını bu kimi hal və hadisələrdən uzaq tutmalıdırlar”.
“Təbii ki, önümüzdəki təhsil müəssisələrində belə bir vəziyyət formalaşmasın, yaşanmasın, amma yenə də bunlar şagirdlərin yeniyetməlik dövründə daha çox təsadüf olunan vəziyyətdir”, - deyə Elçin Əfəndi qeyd edib.
Günel Həsənova, Bizimyol.info






