Bu gün Aşuradır. Aşura günü İslam tarixində həm dini, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan günlərdən biri hesab olunur. Bu gün müsəlmanlara səbir, ədalət, haqqın yanında dayanmaq və Allahın yardımına güvənmək kimi dəyərləri xatırladır.
Mütəxəssislər bildirirlər ki, Aşuranın əsas ibadəti oruc tutmaqdır və bu günün mahiyyəti dini mənbələrdə olmayan adətlərlə deyil, ibadət və təfəkkürlə yaşadılmalıdır. Kərbəla faciəsinin dərslərini unutmadan, ifrata varmadan və dinin müəyyən etdiyi çərçivələri qoruyaraq bu günün mənəvi mesajlarını yaşatmaq daha doğru yanaşma hesab edilir.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Aşura günü İslam tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Onun sözlərinə görə, təəssüf ki, bu gün ətrafında həm İslamda olmayan ifrat yanaşmalar, həm də dini mənbələrə söykənməyən müxtəlif adətlər formalaşıb.
İlahiyyatçı deyib ki, müsəlman üçün əsas meyar Quran və səhih sünnə olmalıdır. Peyğəmbərin (s.ə.s) və səhabələrinin tətbiq etdiyi, eləcə də doğru yolda olan İslam alimlərinin təsdiqlədiyi yol üstün tutulmalıdır.
Əkrəm Həsənov vurğulayıb ki, Aşura Məhərrəm ayının onuncu günüdür və bu günün fəziləti hələ Kərbəla hadisəsindən əvvəl məlum idi.
Abdullah ibn Abbasın rəvayətinə görə, Məhəmməd peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdə yəhudilərin Aşura günü oruc tutduğunu görüb. Bunun səbəbini soruşduqda onlar bildiriblər ki, həmin gün Allah Musa peyğəmbəri (ə) və İsrail oğullarını Fironun zülmündən xilas edib.
Peyğəmbər (s.ə.s) isə belə buyurub: “Musanın yoluna sizdən daha yaxın olan bizik”.
Daha sonra həmin gün oruc tutub və müsəlmanlara da bunu tövsiyə edib (Səhih Buxari, 2004; Səhih Müslim, 1130).
İlahiyyatçı başqa bir hədisi də xatırladıb: “Aşura günü tutulan orucun əvvəlki bir ilin günahlarına kəffarə olacağını Allahdan ümid edirəm” (Səhih Müslim, 1162).
Əkrəm Həsənovun sözlərinə görə, bu hədislər Aşura günündə əsas ibadətin oruc olduğunu göstərir.
Alimlərin əksəriyyəti Məhərrəmin 9 və 10-cu günlərini birlikdə oruc tutmağın daha fəzilətli olduğunu bildirirlər.
Bəzi alimlər isə 10 və 11-ci günlərin orucunu da məqbul hesab ediblər.
Əkrəm Həsənov deyib ki, Aşura günü ilə bağlı cəmiyyətimizdə rast gəlinən bəzi yanlış yanaşmalara diqqət yetirmək lazımdır. Bəzən insanlar bu günü yalnız yas və matəm günü kimi təqdim edir, bəzən isə dini mənbələrdə olmayan müxtəlif mərasimlər, xüsusi yeməklər və ya xurafat xarakterli inanclar formalaşdırırlar. Halbuki İslamda ibadətin forması və məzmunu vəhyə əsaslanmalıdır.
İlahiyyatçının fikrincə, Kərbəla faciəsi İslam tarixinin ən ağrılı hadisələrindən biridir. Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseynin (r.a) və ailəsinin şəhid edilməsi bütün müsəlmanların qəlbini ağrıdan böyük faciədir. Onun haqq, ədalət və zülmə qarşı mübarizəsi hər zaman hörmətlə yad edilməlidir. Lakin həm qədim, həm də müasir İslam alimləri bildirirlər ki, hüzn və ehtiram hissi insanı dinin müəyyən etdiyi çərçivədən çıxarmamalıdır. Özünə xəsarət yetirmək, bədəni yaralamaq və ya ifrat matəm formaları nə Quranda, nə də səhih hədislərdə tövsiyə olunmur.
Qurani-Kərim insanlara keçmiş hadisələrdən ibrət almağı öyrədir: “And olsun ki, onların hekayətlərində ağıl sahibləri üçün ibrətlər vardır” (Yusif, 12:111). Bu baxımdan Aşura yalnız tarixi hadisəni xatırlamaq deyil, həm də zülmə qarşı haqqın yanında dayanmaq, səbir, təvəkkül və mənəvi yenilənmə dərsi almaq fürsətidir.
Əkrəm Həsənovun sözlərinə görə, müasir psixologiyada aparılan araşdırmalar da göstərir ki, insanların ortaq dəyərlər ətrafında birləşməsi, mənəvi düşüncə və ibadətlə məşğul olması daxili sabitliyi artırır, həyatın çətinlikləri ilə mübarizədə psixoloji dayanıqlığı gücləndirir. Bu baxımdan Aşura günü təkcə keçmişi xatırlamaq deyil, həm də insanın öz vicdanı ilə hesablaşdığı, yaxşı əməllərini artırmağa çalışdığı bir gün kimi qiymətləndirilməlidir.
Əkrəm Hısənov deyib: “Məncə, Aşura ilə bağlı ən böyük səhvimiz onun mahiyyətindən uzaqlaşmağımızdır. Bir tərəfdən, dini mənbələrdə olmayan adətləri din kimi təqdim edir, o biri tərəfdən isə bu günün verdiyi mənəvi mesajları unuduruq. Halbuki Aşura bizə Allahın yardımına güvənməyi, haqqın yanında dayanmağı, səbirli olmağı və keçmişdən dərs çıxarmağı öyrədir. Ən doğru yol da Quranın və Peyğəmbərimizin (s.ə.s) göstərdiyi bu ölçünü qorumaqdır.
Aşura adı altında edilən mərsiyələr, qan tökmələr, sinə vurmaq, özünə xəsarət yetirmək və ifrat matəm formalarının İslamla heç bir əlaqəsi yoxdur. Bu günlərdə qohumları ziyarət etmək, gündəlik işlərlə məşğul olmaq, istəyənlərin oruc tutması kimi gözəl əməllər həyata keçirilə bilər".
Son olaraq ilahiyyatçı bunu da əlavə edib: " İmam Hüseynə salam olsun. İnanıram ki, əgər o bu gün həyatda olsaydı, onun adı ilə bu cür əməllər edənləri bundan çəkindirərdi”.
İradə Cəlil, Bizimyol.info






