Ukrayna lideri Rusiyanın Tümen bölgəsində, 2070 km məsafədə yerləşən neft emalı zavoduna edilən son hücumdan da bəhs edib.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna artıq 3000 km-dən çox məsafəyə uça bilən yeni dronlar hazırlayıb: “Bunlar yeni dronlardır, yaxşı dronlardır. Biz daha da irəli gedəcəyik. Çünki onların bütün hərbi obyektlərinin, fabriklərinin, neft anbarlarının, qaz anbarlarının və s. harada yerləşdiyini başa düşürük. Daha uzaq məsafələrə zərbə endirə bilən silahlarımız olmalıdır və biz bunu edirik”.
- Ukraynanın uzaq məsafələrə hücumu müharibənin gedişatını necə dəyişəcək?
Şair RamaldanovEhtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsi artıq dronlar müharibəsi kimi tarixə düşür. Onun sözlərinə görə, Ukrayna şəxsi heyət çatışmazlığı və başqa problemlərin yaratdığı boşluqları məhz dronlardan istifadə etməklə doldurmağa çalışır.
Ekspert qeyd edib ki, hazırda dünyada ən qabaqcıl dron texnologiyalarını inkişaf etdirən və yeni dron modelləri hazırlayan ölkələrdən biri məhz Ukraynadır. Artıq Ukraynanın dronlarla bağlı topladığı təcrübədən aparıcı dövlətlərin orduları da yararlanmağa çalışır və bu sahədə Kiyevə müraciətlər edilir.
Şair Ramaldanov xatırladıb ki, İran-ABŞ-İsrail qarşıdurması zamanı Yaxın Şərqdə bəzi ərəb ölkələri İran dronlarına qarşı mübarizə aparmaq üçün Ukrayna mütəxəssislərinin təcrübəsinə maraq göstərmişdi. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a dronlar və onlara qarşı mübarizə sahəsində əməkdaşlıq təklif etmişdi.
“ABŞ prezidenti açıq şəkildə bu təklifdən imtina etdi. Təbii ki, burada müəyyən qədər prestij məsələsi də rol oynayırdı. Lakin bəzi məlumatlara görə, İran-ABŞ-İsrail qarşıdurması zamanı Ukrayna mütəxəssislərinin ABŞ və İsrailə dronlarla mübarizə sahəsində müəyyən dəstək verməsi barədə məlumatlar yayılmışdı. Sadəcə olaraq İsrail özünü hərbi texnologiyaların tətbiqi sahəsində liderlərdən biri hesab edir. ABŞ da eyni mövqedədir. Buna görə də onlar açıq şəkildə Ukraynanın köməyinə ehtiyac duymadıqlarını bəyan etmişdilər. Məncə, bu daha çox ictimai rəy və media üçün verilmiş açıqlamalar idi”, - deyə ekspert bildirib.
Ramaldanovun sözlərinə görə, artıq Ukrayna dronlarının 2 min kilometri aşan, hətta 3 min kilometrə çatan məsafələrə uçması barədə məlumatlar mövcuddur və gələcəkdə bu göstəricinin daha da artacağı istisna edilmir.
“Bunun bir neçə səbəbi var. Əvvəla, Ukraynada dron istehsalı sahəsində böyük inkişaf müşahidə olunur. Digər tərəfdən, süni intellekt və rəqəmsal texnologiyalar üçün vacib olan çiplərin əldə olunması baxımından Ukraynanın imkanları genişlənib. Avropanın aparıcı ölkələri öz müəssisələrində Ukrayna üçün dron istehsalına dəfələrlə dəstək verdiklərini bəyan ediblər. Avropa İttifaqının bu istiqamətdə konkret addımlar atması nəticəsində Ukraynanın uzunmənzilli dron imkanları daha da güclənir”, - deyə o vurğulayıb.
Hərbi ekspert hesab edir ki, Ukraynanın ən böyük üstünlüklərindən biri qabaqcıl rəqəmsal texnologiyalar və süni intellekt sistemləri üçün zəruri olan komponentləri əldə etmək imkanlarının məhdudlaşdırılmamasıdır.
“Rusiya isə bu sahədə ciddi sanksiyalarla üzləşir və lazımi texnologiyaları əsasən dolayı yollarla əldə etməyə çalışır. Rusiyanın istehsal etdiyi çiplər hələlik Ukraynanın istifadə etdiyi müasir komponentlərlə müqayisədə texnoloji baxımdan geridə qalır. Buna görə də Ukraynada dron istehsalı sahəsində əsl bum yaşandığını söyləmək mümkündür”, - deyə Ramaldanov bildirib.
Ekspert əlavə edib ki, NATO ölkələri də Rusiyaya qarşı koalisiyanın üzvləri kimi dron texnologiyalarının inkişafına ciddi investisiyalar yatırırlar.
“Yeni müəssisələr yaradılır, elmi-tədqiqat işləri aparılır və bu istiqamətə böyük maliyyə vəsaitləri ayrılır. Nəticədə hazırlanan dronların əksəriyyəti Ukrayna-Rusiya müharibəsində real döyüş şəraitində sınaqdan keçirilir. İstər yaxın, istər orta, istərsə də uzaq məsafələrə uçan dronlar üçün bu müharibə bir növ praktiki sınaq meydanına çevrilib”, - deyə o qeyd edib.
Şair Ramaldanovun fikrincə, Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələrin endirilməsində Ukrayna təkbaşına hərəkət etmir.
“Bu prosesdə Avropa İttifaqı və digər koalisiya ölkələrinin dəstəyi hiss olunur. Peyk sistemlərindən istifadə, kəşfiyyat məlumatları və müxtəlif hərbi mütəxəssislərin iştirakı Ukraynanın imkanlarını artırır. Bəzi hallarda Ukraynanın öz potensialından daha çox xarici dəstəyin rol oynadığını demək mümkündür. Bu da Rusiyanın sərhəddən uzaqda yerləşən obyektlərinin hədəfə alınmasına imkan yaradır”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Rusiyanın enerji infrastrukturu, neft emalı və hərbi obyektlərinə endirilən zərbələr təsirsiz ötüşmür.
“İstənilən zərbə, istər Rusiyaya, istərsə də Ukraynaya qarşı olsun, hərbi təminata və digər sahələrə təsir göstərir. Ukraynanın hücumları nəticəsində Rusiya ordusunda müəyyən problemlərin yarandığı barədə məlumatlar da mövcuddur. Lakin hesab etmirəm ki, bu amil Rusiyanı dayandıracaq əsas faktor olsun. Bunu daha çox yardımçı təsir kimi qiymətləndirmək olar”, - deyə o bildirib.
Ekspert vurğulayıb ki, Rusiya da öz növbəsində Ukraynanın enerji infrastrukturu, neft emalı zavodları və digər strateji obyektlərinə ciddi zərbələr endirir.
“Bu barədə kifayət qədər məlumatlar var. Ukraynada əhali arasında günəş panellərinin istifadəsi genişləndirilir, vətəndaşların böyük enerji şəbəkələrindən asılılığını azaltmaq üçün addımlar atılır. Lakin buna baxmayaraq, Rusiyanın endirdiyi zərbələrin Ukraynaya təsirsiz ötüşdüyünü söyləmək mümkün deyil”, - deyə Ramaldanov bildirib.
Hərbi ekspert hesab edir ki, burada hərbi amillərlə yanaşı siyasi faktorlar da mühüm rol oynayır.
“Mən düşünürəm ki, Rusiyanın dərinliklərində yerləşən obyektlərə endirilən zərbələrin planlaşdırılması, koordinatların müəyyənləşdirilməsi və digər texniki məsələlərdə NATO ölkələrinin nümayəndələrinin iştirakı mümkündür. Bu baxımdan koalisiya ölkələrinin hərbi mütəxəssislərinin Rusiyaya qarşı aparılan əməliyyatlarda müəyyən rol oynadığını söyləmək olar”, - deyə Şair Ramaldanov fikirlərini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






