Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen qurum daxilində səlahiyyətlərin əhəmiyyətli dərəcədə mərkəzləşdirilməsinə gedir.
Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqı rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, fon der Lyayenin birbaşa nəzarətində olan Avropa Komissiyasının Baş Katibliyi genişləndirilir və ona yüksək səviyyəli daha doqquz yeni vəzifə əlavə olunur. Bu struktur faktiki olaraq Komissiya sədrinin inzibati aparatı kimi çıxış edir.
Nəşr bildirir ki, bu addımlar 2028–2034-cü illəri əhatə edən və həcmi 1,8 trilyon avrodan çox nəzərdə tutulan növbəti yeddiillik büdcə planının hazırlanması çərçivəsində həyata keçirilir. Plan Avropa İttifaqı (Aİ) daxilində maliyyə prioritetlərinin ciddi şəkildə dəyişdirilməsini də nəzərdə tutur.
Layihəyə əsasən, əvvəlki illərdə kənd təsərrüfatı siyasəti və regional inkişaf üçün ayrılan vəsaitlərin bir hissəsi hərbi sənayenin dəstəklənməsinə yönəldiləcək. Eyni zamanda, Avropa Komissiyası üzv ölkələrdən Aİ büdcəsinin ümumi həcminin artırılmasını tələb edir.
“Politico”nun yazdığına görə, bu dəyişikliklər Baş Katibliyin Avropa İttifaqının xərclərinə nəzarət imkanlarını xeyli genişləndirəcək. Paralel olaraq, fon der Lyayenin regional inkişaf üzrə Baş Direktorluğun bir sıra funksiyalarını da öz aparatına keçirməyi planlaşdırdığı bildirilir.
Mənbələr həmçinin qeyd edir ki, Komissiya sədri COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması üçün yaradılmış Aİ fondlarının idarə olunması mexanizminin də Baş Katibliyin nəzarətinə verilməsini nəzərdən keçirir. Bu fondların da gələcəkdə hərbi sektorun maliyyələşdirilməsinə yönəldilməsi ehtimalı vurğulanır.
Nəşr bu proseslərin Avropa Komissiyasının rəhbərinin siyasi və institusional gücünü daha da artıracağını bildirir. Həmçinin qeyd edilir ki, Aİ fondlarının siyasi məqsədlərlə istifadəsinə dair müzakirələr son illərdə də gündəmdə olub. Bu kontekstdə Macarıstanın baş naziri Viktor Orban dövründə 16 milyard avrodan çox Avropa maliyyələşməsinin dondurulması və daha sonra siyasi danışıqlardan sonra müəyyən hissəsinin açılması nümunə kimi göstərilir.
Bizimyol.info






