ABŞ kəşfiyyatı hesab edir ki, İsrail ABŞ və İran arasında imzalanmış memorandumda Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı müddəaya baxmayaraq, şiə hərəkatı olan “Hizbullah”a qarşı hücumları dayandırmaq niyyətində deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri mənbələrə istinadən məlumat yayıb.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İsrail Livanda hərbi əməliyyatları davam etdirmək istəyir. Halbuki bu addım Tehran və Vaşinqton arasında yekun sülh razılaşmasına nail olmaq məqsədilə aparılan danışıqları təhlükə altına qoya bilər. Nəşr qeyd edir ki, İsrail ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumundan narazıdır.
"The New York Times" yazır ki, Baş nazir Benyamin Netanyahuya qarşı “Hizbullah”a qarşı əməliyyatların davam etdirilməsi üçün ciddi daxili siyasi təzyiq var.
Bundan əvvəl N12 telekanalı israilli mənbəyə istinadla xəbər vermişdi ki, İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəliblər.
ABŞ prezidenti Donald Trump isə daha əvvəl "Axios" portalına müsahibəsində bildirib ki, İsraili Livana qarşı yeni hücumlardan imtina etməyə razı sala bilər.
Bizimyol.info






