Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslan Atakişiyev: “Sukuklardan İslam maliyyə prinsiplərinə alternativ olaraq istifadə olunur”
Ruslan Atakişiyev: “Sukuklardan İslam maliyyə prinsiplərinə alternativ olaraq istifadə olunur”

Azərbaycanda ilk dəfə sukuk (İslam istiqrazları) emissiyası üçün hazırlıq işləri aparılır.

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "İslam İnkişaf Bankının İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumu"nda bildirib.

Onun sözlərinə görə, ilə birgə həyata keçirilən layihə çərçivəsində ölkədə sukuk emissiyası üçün hüquqi və institusional baza formalaşdırılır:

"Azərbaycan İslam maliyyə infrastrukturunun yaradılması üçün İslam İnkişaf Bankı Qrupu ilə birgə layihə həyata keçirir. Bu layihənin nəticəsi olaraq möhkəm hüquqi və tənzimləyici çərçivənin formalaşdırılması, maliyyə institutlarının İslam maliyyəsi üzrə potensialının artırılması, monitorinq və qiymətləndirmə sisteminin yaradılması və nəticə etibarilə Azərbaycanın ilk sukuk emissiyasına zəmin yaradılması gözlənilir. Bununla biz maliyyə sektorumuzu daha da şaxələndirəcəyik".

O həmçinin vurğulayıb ki, İslam maliyyəsi regionlar arasında birləşdirici maliyyə dili rolunu oynayaraq sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını asanlaşdırır:

"Biz İslam maliyyəsini maliyyə arxitekturasına inteqrasiya etməyə sadiqik və gözləyirik ki, aparılan islahatlar maliyyə bazarlarını dərinləşdirəcək və xarici investisiyaları cəlb edəcək. İslam maliyyəsi regionlar arasında birləşdirici maliyyə dili rolunu oynayaraq sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını asanlaşdırır. Azərbaycan bu viziona töhfə verməyə tam hazırdır". (APA)

  • Sukuk nədir və adi istiqrazdan nə ilə fərqlənir?

    Sukuk emissiyası maliyyə bazarına necə təsir edə bilər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, dövlət proqramında sukukların ölkədə tətbiqi məsələsinə yer ayrılmışdır: “Sukukla bağlı məsələ dövlət proqramında öz əksini tapmışdır. Mərkəzi Bank tərəfindən 26 yanvar 2024-2026-cı illəri əhatə edən, ölkədə maliyyə sektorunun inkişafı ilə bağlı dövlət proqramı qəbul olunmuşdur. Həmin dövlət proqramında məhz, İslam qiymətli kağızların - sukukların ölkədə tətbiqi məsələsinə yer ayrılmışdır.

Bununla bağlı artıq Mərkəzi Bankda müəyyən islahatlar aparılması üçün qanunvericilik bazasının hazırlanması istiqamətində sənədlər hazırlanır. Hətta İslam İnkişaf Bankı bu istiqamətdə müəyyən maliyyə vəsaiti də ayırmışdır.

Hazırda Azərbaycanda Mərkəzi Bank və beynəlxalq təşkilatlar birgə şəkildə müvafiq qanunvericilik aktlarının hazırlanması üzərində işləyirlər. Qanun layihəsi hazır olduqdan və Milli Məclisdə təsdiq edildikdən sonra artıq icrası mümkün olacaqdır. Hazırkı mərhələdə isə qanunvericilik bazası tam formalaşmadığına görə sukukların tətbiqi mümkün deyil”.

Ruslan Atakişiyev həmçinin vurğulayıb: “Əslində 2026-cı ildə bunun qeyd olunması ölkəmizdə bu işlərin aparılacağını göstərir. Çalışırıq ki, yaxın dövrlərdə artıq bu proses həyata keçirilsin. İlkin olaraq iri şirkətlər tərəfindən sukukların buraxılması gözlənilir. Bu yolla iri şirkətlərə maliyyə cəlb etmək mümkün olacaq ki, bu da dövlət payının yüksək olduğu şirkətlərin daha da inkişaf etməsinə və mənfəətinin artmasına xidmət edəcək.

Qeyd edim ki, sukuklar İslam qiymətli kağızlarıdır. Yəni İslam maliyyə prinsiplərinə görə istiqrazların bugünkü işləmə forması qadağan olunub. Ona görə buna alternativ olaraq sukuklardan istifadə olunur”.

Ruslan Atakişiyev əlavə edib: “Sukuklar hər hansı bir şəxs tərəfindən alındıqda müxtəlif layihələrdə iştirak etmək və həmin layihədən pay əldə etmək imkanı yaradır. Layihələrin icrasından sonra isə özünün yatırdığı vəsaitə uyğun şəkildə gəlir əldə edir. Bu paylar istiqrazlarda olduğu kimi konkret faiz xarakterli deyil”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »