Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektrik enerjisinin ixracı dəfələrlə azalıb: Rəsmi açıqlama yoxdur, yalnız ehtimallar var
Elektrik enerjisinin ixracı dəfələrlə azalıb: Rəsmi açıqlama yoxdur, yalnız ehtimallar var

İqtisadi artımın qeydə alınmaması neçə gündür sosial mediada müzakirə olunur. Cəmiyyət bunu ağrılı məsələ kimi qəbul edir. Necə də olmasa, ölkənin gələcəyi ilə bağlı vacib statistikadan söhbət gedir. Ən azı iqtisadi durğunluğun bir addımındayıq. Qonşuluqdakı müharibənin tamamilə dayanma ehtimalı neft qiymətlərinə də təsir göstərməyə başlayıb. Çoxdandır belə ucuzlaşma qeydə alınmırdı. Üç aydan çox davam edən qiymət yüksəlişi tendensiyası yoxa çıxır. Bizi sanki çətin günlər gözləyir.

Bizimyol.info xəbər verir ki, indiyə qədər iqtisadiyyatın ümidverici sahələrindən sayılan elektrik enerjisi istehsalı və ixracı da yaxşı vəziyyətdə deyil. 2026-cı ilin yanvar-may aylarında elektrik enerjisi ixracı 12 milyon 513,5 min dollar təşkil edib. Keçən ilin eyni dövründə bu göstərici təxminən 25 milyon dollar çox idi. Dəyər ifadəsində azalma 24 milyon 846 min dollar və ya 66,5 faiz olub.

Elə miqdar ifadəsində də fərqli göstərici ortaya çıxmır. İxrac 658 milyon 92,2 min kVt/saatdan 232 milyon 993 min kVt/saata düşüb. Azalma 425 milyon 99,2 min kVt/saat və ya 64,6 faiz təşkil edib.

Rəqəmlər belə danışmağa imkan verir ki, ilin sonuna qədər elektrik enerjisi ixracı 500 milyon kVt/saatı keçməyəcək. Çox böyük geriləmədən söz gedir. Məsələn, 2023-cü ildə ixrac 3,24 milyard kVt/saata çatmışdı. Deməli, 6 dəfədən çox azalma var. Ümumiyyətlə, 2015-ci ildən sonra heç vaxt ixrac 1 milyard kVt/saatdan az olmayıb.

Çox təəssüf ki, rəsmi açıqlama yoxdur. Yəni ixracın belə kəskin azalmasının səbəbləri göstərilmir. Ekspertlər son illərdəki enişi həmişə işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanın artmasına görə tələbatın artmasına bağlayırlar. Təmir-tikinti işlərinin artması xüsusi fərqləndirilir. Amma yeganə səbəb bu ola bilməz. Belə məsələlərdə cəmiyyətə hesabat vermək yaxşı olardı. Ölkəyə böyük pullar gətirmək gücündə olan sahəyə biganə yanaşmaq ciddi məsuliyyətsizlikdir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »